Loading...
Həm sərhəddə, həm də səngərdə xidmət aparan sərhədçilərimizlə bir gün

Həm sərhəddə, həm də səngərdə xidmət aparan sərhədçilərimizlə bir gün

02-01-2019

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması barədə tapşırıq verib. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirilir.

Görülən işlərlə və düşmənlə ön səngərdə üz-üzə xidmət aparan sərhədçilərimizlə görüşmək, döyüş növbəsi çəkən şəxsi heyətin xidməti ilə yaxından tanış olmaq üçün AZƏRTAC-ın çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsində olub.

Çəkiliş qrupumuz ön xətdə səngərdə əsgər, gizir və zabitlərlə görüşüb, döyüş növbəsi çəkən sərhədçilərimizin xidməti ilə yaxından tanış olub, düşmənin mövqelərini müşahidə ediblər.

Qazaxdakı sərhəd məntəqələri qoşunların qarşıdurma nöqtəsindəki ən yaxın postlardan hesab olunur. Burada düşmənlə ən yaxın post 50-70 metrdən başlayır. Hazırda biz “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində, düşmənlə üz-üzə olan məntəqələrdən birindəyik. Düşmən ordusunun ön xətti ilə olduğumuz postun arasındakı məsafəsi 50-100 metrdir. Burada düşmənin bütün mövqeləri açıq-aydın görünür və müşahidə altında saxlanılır. Postda duran sərhədçilərimiz öz xidmətlərini şərəflə yerinə yetirirlər. Ön xətdə yerləşən bütün məntəqələrdə xidmətə DSX-nin peşəkar heyəti cəlb olunub, ən müasir silah-sursat və texnikalarla təmin edilib. Burada yerləşdirilən tank əleyhinə idarəolunan raket kompleksinin təyinatı düşmənin zirehli texnikalarının məhv edilməsidir. “Kobra” maşını üzərində quraşdırılan kompleks gecəgörmə cihazı ilə də təchiz olunub. Bu kompleks məhdud görünmə şəraitində də düşmənin texnikasını məhv etmək qabiliyyətinə malikdir. Çevik bölmələrin vaxtında döyüş meydanına gətirilməsi üçün təyin olunan taktiki döyüş maşınının üzərində isə 12,7 millimetrlik pulemyot (DŞK) quraşdırılıb.

Buradakı texnikalar içərisində diqqətimizi çəkənlərdən biri də “Toyota” avtomaşınlarının üzərində quraşdırılmış uzaq məsafəli müşahidə-nəzarət sistemi oldu. Qeyd edək ki, hazırda bu sistem dünyanın bir neçə güclü ordusunun istifadəsində yer alır. Kompleks yüksək performanslı gündüz, gecə və termal kamera, lazer məsafəölçən, GPS və rəqəmsal kompasdan ibarətdir. Sabitləşdirilmiş sistem hədəfləri avtomatik izləmə qabiliyyətinə malikdir. Kompleks düşmən mövqelərini, obyektlərini, şəxsi heyətini, zirehli texnikasını və arxa hüdudda olan hərəkətlərini 40 kilometr dərinlikdə müşahidə edir. Bütün çəkilişlər qeydə alınır.

Sərhəd məntəqələrinin havadan müdafiəsinin yüksək səviyyədə təşkil olunması üçün məntəqələrdə daşınan zenit raket kompleksi də yerləşdirilib. Məntəqələr düşmən obyektlərini, texnikasını və digər zirehli maşınlarının aşkarlanması, müşahidə altında tutulması və təyin edilməsi məqsədilə ən müasir müşahidə cihazları, eləcə də rabitə vasitələri ilə təchiz edilib.

Burada düşmənin bütün hərəkətlərinə peşəkar snayperlər tərəfindən nəzarət olunur. Məntəqələrdə xidmətdə istifadə olunan ən müasir snayper tüfəngi düşmənin 2500 metr məsafəyədək canlı qüvvəsini və zirehli texnikasında olan şəxsi heyətini, eləcə də texnikanı məhv etmək qabiliyyətindədir. Tüfəngin üzərindəki optik nişangah isə öz sinfində birincidir.

Təmas xəttinin ön postlarında gecə-gündüz növbə çəkən əsgərlər, gizirlər və zabitlər düşməndən qətiyyən çəkinmədiklərini bildiriblər. Xidmət apardığı sərhəd məntəqəsi haqqında məlumat verən kapitan Ağayev bildirib ki, hazırda olduğumuz sərhəd məntəqəsi ən əlverişli mövqelərdən birində yerləşir. İstifadəmizdə olan silah və döyüş texnikası, ən müasir texniki vasitələr bizə düşmənin bir neçə postunu nəzarətdə saxlamağa imkan verir. Keçirilən təlimlər və məşqlər sayəsində hərbi qulluqçularımız ən yeni silahlardan, xüsusi texnikadan istifadə qaydalarına yiyələniblər. Silah və texnika döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılır. Şəxsi heyət düşmənin istənilən təxribatına layiqincə cavab verməyə hazırdır.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti barədə məlumat verən kapitan Ağayev qeyd edib ki, döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi bilavasitə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasından asılıdır. Sərhəd məntəqələrində xidmət aparan sərhədçilərin əksəriyyəti könüllü olaraq burada xidmət aparmaq üçün müraciət etmiş hərbi qulluqçulardır. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu çox yüksəkdir. Sərhədlərimizin keşiyində dayanmaqdan şərəf və qürur duyuruq. “Azərbaycanın hər bir sərhədçisinin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi, ölkəmizin sərhədlərinin bütövlüyünün təmin olunması, həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanmasıdır. Bu, Azərbaycanın hər bir sərhədçisinin şərəf işidir”, - deyə kapitan Ağayev bildirib.

Sərhədçi olması ilə fəxr etdiyini deyən kiçik çavuş Əzizov bildirib: “Ailə üzvlərim, bütün xalqımız əmin olsun ki, sərhədlərimizi göz bəbəyimiz kimi qoruyuruq. Bizə göstərilən etimadı şərəfli xidmətimizlə doğruldacaq, Azərbaycan dövlətinə və xalqına daim sədaqətlə xidmət edəcəyik. Doğma Vətənimizin sərhədlərinin keşiyində dayanmaq hər bir əsgər üçün böyük şərəfdir. Xoşbəxtəm ki, bu şərəf mənə də nəsib olub”.

Ermənistanın Müdafiə Nazirliyinin bölmələri ilə üz-üzə sərhəd döyüş məntəqəsində xidmət aparan gizir Əsədov isə sərhəd məntəqələrində xidmət etmələri, yaşamaları və istirahətləri üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq deyib: “Zabitlərimiz bizə daim diqqət və qayğı ilə yanaşırlar. Bu isə bizi daha yaxşı xidmət aparmağa ruhlandırır. Təmas xəttində xidmət aparmağımız, düşmənlə üz-üzə olmağımız biri qorxutmur, əksinə, bizi daha məsuliyyətli, hazırlıqlı, ayıq-sayıq olmağa məcbur edir. Biz daim məşqlər edir, döyüş hazırlığımızı artırırıq. Sərhəddə-səngərdə xidmət aparmaqdan şərəf və qürur duyuram”.

Burada gördüklərimizdən əmin olduq ki, Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin digər həmsərhəd dövlətlərlə sərhədlərin mühafizəsindən bir çox fərqli cəhətləri və çətinlikləri var. Çünki bu istiqamət həm sərhəd, həm də səngərdir. Lakin bütün çətinliklərə baxmayaraq, düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.

Olduğumuz növbəti məntəqənin isə düşmən mövqeləri ilə məsafəsi 900 metrdir.

Məntəqədə olarkən polkovnik-leytenant Məmmədov bir neçə sualımızı cavablandıraraq qeyd etdi ki, düşmənlə təmas xəttində dövlət sərhədinin mühafizəsi və müdafiəsi digər ərazilərdən əsaslı şəkildə fərqlənir. Çünki bura sərhəd olmaqla yanaşı, həm də səngərdir. Bu isə o deməkdir ki, biz ikiqat məsuliyyətli, daha hazırlıqlı, ayıq-sayıq olmalıyıq. Sərhəd döyüş məntəqələrində xidmət aparan hər bir sərhədçi öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Sərhəd döyüş məntəqələrində şəxsi heyətin xidmət etməsi üçün hər cür şərait yaradılıb. Düşmən tərəfindən atəşkəs rejimi müntəzəm olaraq pozulur. Sərhəd məntəqələrimiz düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinə başladığı ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması məqsədilə sərhəd xətti boyu sərhəd məntəqələrində əsaslı tikinti işləri aparılır. Sərhəd məntəqələrinə yolların, elektrik, qaz və su xətlərinin çəkilməsi davam edir. Həmçinin modul tipli müasir xidməti otaqların və evlərin quraşdırılması, səyyar mətbəxlərin, hamamların və digər təyinatlı konstruksiyaların qurulması sayəsində şəxsi heyət üçün lazımi məişət şəraitinin yaradılması, şəxsi heyətin gündə üç dəfə isti yeməklə təmin edilməsi, sərhəd məntəqələrinin su çənləri, elektrik generatorları, universal sobalar ilə təchizatı da diqqət mərkəzində saxlanılır. Məntəqələrdə qısa müddətdə zəruri şəraitin yaradılması istiqamətində çox böyük işlər görülüb, müasir tələblərə cavab verən sərhəd məntəqələri tikilir, sərhədboyu yollar bərpa edilir.

Hərbi hissənin və digər sərhəd bölmələrinin zabit və gizirlərinin ailələri üçün xidməti mənzillərin inşası və mövcud binaların əsaslı təmir edilərək yararlı vəziyyətə gətirilməsi üzrə də işlər aparılır. Yaxın zamanlarda beşmərtəbəli yaşayış binası hərbi qulluqçularımızın istifadəsinə veriləcək. Əsaslı tikinti işlərinə yerli əhali cəlb olunub. Bundan başqa, hərbi hissələrdə mülki işlərə yerli sakinlər qəbul ediləcək.

Sərhədçilərimiz 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ali Baş Komandan İlham Əliyevi və xalqımızı da təbrik etməyi unutmadılar. Həm sərhəd, həm də səngərdə olan sərhədçilərimizlə söhbət zamanı bir daha əmin olduq ki, igid əsgərlərimiz düşmənin istənilən həmləsinin qarşısını almağa hazırdır, Vətənin, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.

Sizə çətin, şərəfli və məsuliyyətli xidmətinizdə uğurlar, Azərbaycan sərhədçiləri!

Qeyd: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinə başlanılması barədə qərarının Azərbaycan Sərhəd Mühafizəsi üçün tarixi əhəmiyyəti var. Çünki Dövlət Sərhəd Xidmətinə bu tapşırığın verilməsi ilə sərhədlərimizin sərhədçilər tərəfindən tam mühafizə altına götürülməsinin əsası qoyulub. Bu qərar Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimad və etibarının ifadəsidir. Qərarın yüksək səviyyədə həyata keçirilməsi Dövlət Sərhəd Xidmətinin hər bir zabitinin, gizirinin, çavuşunun, əsgərinin şərəf işidir. Sərhədçilərimiz bundan qürur duyur və fəxr edirlər.

azertag.az