Loading...
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür

ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür

21-02-2019

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində daimi komitənin iclasında ATƏT PA-nın prezidenti Georgi Tsereteli təşkilatın ötən il ərzində göstərdiyi fəaliyyətə dair hesabatla çıxış edib. Sonra ATƏT PA-nın baş katibi Roberto Montella və büdcə nəzarətçisi Doris Barnett hesabat veriblər.

Ümumi müzakirələr zamanı çıxış edənlər Brexit, Ukraynadakı böhran, Suriyadakı Avropa vətəndaşlığına malik terrorçuların müvafiq ölkələrə təhvili, yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmaya son qoyulması çərçivəsində təhlükəsizlik, ATƏT məkanında seçkilər və onların müşahidə edilməsi məsələlərinə toxunublar.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışı zamanı münaqişələrdən əziyyət çəkən regionlarda, xüsusilə Cənubi Qafqazda uzun illər ərzində itirilmiş imkanların yenidən əldə edilməsinin Helsinki Yekun Aktının prinsiplərinə tam riayət etmək şərti ilə yalnız konstruktiv dialoq vasitəsilə mümkün olduğunu vurğulayıb. Xüsusilə qeyd edilib ki, danışıqlar prosesində tərəflərin verdiyi son müsbət bəyanatlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hər iki icmasını yaxınlaşdırmaq, xalqları sülhə hazırlamaq istiqamətində yeni impulsların yarandığını göstərir. Bahar Muradova vurğulayıb ki, parlamentarilər ATƏT məkanında bütün münaqişələrin sülh yolu ilə həlli üçün yaranmış yeni imkanlardan yararlanmalıdırlar.

İclasda, həmçinin bu il aprelin 7-8-də Kopenhagendə keçiriləcək büro iclası, iyulun 4-8-də Lüksemburqda keçiriləcək 28-ci illik iclas, oktyabrın 3-6-da Mərakeşdə planlaşdırılan payız sessiyası və eləcə də ATƏT Nazirlər Şurasının illik iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçiriləcək büro iclası, yaxın gələcəkdə mümkün tədbirlərin hazırlanması ilə bağlı məsələlər və proqram müzakirə edilib.