Loading...
ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib

27-02-2019

ABŞ Helsinki Komissiyası Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-inin 366-cı motoatıcı alayının köməyi ilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edərək törətdiyi amansız hərəkətlərin dərin təsirlərinin indiyədək Azərbaycan xalqında hiss edildiyi bildirilib.

Bəyanatda bu faciənin anılmasının və həyatını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyi qeyd olunub və Azərbaycan xalqına dərin ehtiram izhar edilib.

1992-ci il fevralın 26-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin yüzlərlə Azərbaycanlı qadın, uşaq və yaşlıları öldürdüyü qeyd olunub.

ABŞ Helsinki Komissiyasının sədri, Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən demokrat Əlsi Heystinqz Xocalı faciəsinin ildönümü ilə bağlı Konqresdə də ayrıca bəyanatla çıxış edib.

Konqresin üzvü öz bəyanatında 1992-ci ilin fevralın 26-da Xocalıda törədilmiş dəhşətli hadisələri anaraq 613 nəfərin amansızcasına qətlə yetirildiyini vurğulayıb. O, həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində qaldığını vurğulayıb. Ə.Heystinqz Azərbaycanın qaçqın və məcburi köçkünlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün milyardlarla vəsait sərf edildiyini, regionun iqtisadi inkişafı naminə önəmli addımlar atıldığını qeyd edib.

Bəyanatda, həmçinin Azərbaycan hökumətinin yalnız regionun sabitliyinə töhfə verdiyi deyil, bütün dünyada terrorçuluğa qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olduğu bildirilib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın dərhal Amerika xalqına həmrəylik nümayiş etdirərək bu mübarizədə ABŞ-a həlledici dəstək və yardım göstərdiyi, Əfqanıstanda “Sarsılmaz azadlıq” hərbi əməliyyatının bir hissəsi olaraq ABŞ-ın Azərbaycanın hava məkanından qeyd-şərtsiz istifadəsinə icazə verdiyini vurğulayıb. Bundan əlavə, Konqres üzvü beynəlxalq koalisiyanın Əfqanıstandakı hərbi qüvvələrə bütün tədarük və təchizatının Azərbaycanın təmin etdiyi quru və dəniz yolları vasitəsilə çatdırıldığını bildirib.

Sonda Ə.Heystinqz Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi bu dəhşətli faciənin ildönümünün qeyd edilməsinin vacibliyini bildirib və Azərbaycan xalqına başsağılığını izhar edib.