Loading...
ABŞ Konqresində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

ABŞ Konqresində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

01-03-2019

ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə ABŞ Konqresinin üzvləri Stiv Şəbot, Henri Kueyyar, Pol Qosar, Konqresin çoxsaylı əməkdaşları, ABŞ-dakı Azərbaycan icmasının və digər icmaların nümayəndələri iştirak ediblər. Hazırda ABŞ-da yaşayan, Xocalı faciəsinin canlı şahidi olan Anar Usubov tədbirə xüsusi qonaq qismində qatılıb.

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılıb, həmin faciədə qətlə yetirilmiş insanların xatirəsi anılıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi bildirilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və bunun azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu deyib, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb.

Səfir soyqırımı cinayətinin birbaşa iştirakçıları olan və qanlı cinayətin törədilməsini etiraf edən Ermənistan Respublikasının keçmiş rəhbərləri Robert Koçaryan və Serj Sarkisyanın hazırda Ermənistanda öz xalqlarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələri prosesinin getdiyini bildirib və bir gün sözügedən şəxslərin ölkəmizin Xocalı şəhərində insanlıq əleyhinə törətdikləri cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu qeyd edib.

Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyyar çıxış edərək Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.

Daha sonra Azərbaycan üzrə İşçi Qrupunun yeni respublikaçı həmsədri, Ohayo ştatını təmsil edən Stiv Şəbot çıxış edib. Konqres üzvü 27 il öncə sovet qoşunlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin ildönümündə Azərbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanların xatirəsinin unudulmadığını diqqətə çatdırıb.

Bundan əlavə, Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu qeyd edən Konqres üzvü ölkəmizin enerji istehsalçısı kimi yalnız regionun deyil, eləcə də Avropanın enerji təchizatına verdiyi töhfəni təqdir edib. ABŞ və Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot Azərbaycanın Əfqanıstan məsələsində ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Azərbaycan üzrə İşçi Qrupunun digər üzvü Pol Qosar illər öncə Xocalı şəhərində törədilmiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd edib.

ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı qanlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, Xocalıdakı uşaqlıq illərindən və müharibə zamanı Xocalı qətliamında yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib. Ailəsi və yaxınlarının başına gətirilən müsibətləri dilə gətirən Xocalı sakini oxuduğu məktəbin bombalandığı, yüzlərlə insanın necə əsir götürüldüyü və itkin düşdüyünü qeyd edib. Bu acı anların onun yaddaşında indi də canlı olduğunu və öldürülmüş ailə üzvlərinin və qohumlarının, itirilmiş uşaqlığının heç zaman geri qayıtmayacağını vurğulayıb. Öz doğma şəhəri Xocalı daxil olmaqla, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və doğma yurd-yuvasına qayıtmağın onun üçün yeganə təsəlli olacağını qeyd edən A.Usubov dünyanın heç bir yerində insanların belə işgəncələrə məruz qalmayacağına ümidini ifadə edib. Anar Usubovun çıxışı tədbir iştirakçılarına dərin emosional təsir göstərib.

Tədbirin sonunda cari ildə Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib və Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.

azertag.az