Loading...
Zəngilan

Zəngilan

Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.

1929-cu ildə ZSFSR-nın qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.

Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. Ərazisi – 0,71 min km2, əhalisi 41,6 min (01.01.2020) nəfərdir.

1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənədli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri Müşlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı Bartaz dağı (2270 m) yerləşir.

Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Rayşelk (ipək idarəsi olan yer) və s. məhəllələri vardır.

Rayonun bir tarixi qurum kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində geniş vüsət almışdır. Eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuşdur.

İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir.

Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.

Rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 km-dir.

Özünün bir qurum kimi mövcud olduğu 63 ildə (işğala qədər) bu bölgə hansı müsibətlərə düçar olmadı?! Özünün 63 illik son tarixində bu bölgə elə ilk illərdən zorla yaradılan kollektivləşmə, 37-ci il həbsləri, 1941-45-ci illər müharibəsini də yaşadı. Rayon əhalisinin bir qisminin qohum-əqrəbası Arazın o tayında qalmış, əlaqələri kəsilmişdi. Qardaş qardaşdan, ana balasından ayrı düşmüşdü.

Zəngilanın sözünü deyən adamların 1930-cu illərdə bir qisminin sürgün olunması (Sibir, Orta Asiya, Qazaxıstan), bir qisminin isə qəddarlıqla güllələyib xəndəyə salınması, ölməyənlərin günlərlə inilti səsləri (Kənd Zəngilan: o vaxt rayon mərkəzi burada yerləşirdi) gəlirdi. Sürgün dövrü qurtardıqdan sonra da geri qayıdan adamları öz doğma yurdlarına buraxmırdılar.

Oz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı.

1993-cü ilin oktyabr ayında Ermənistan qoşunları tərəfindən işğal olunanadək əhalisi 32. 6 min nəfər (01. 01. 1989) olmuşdur. İşğaldan qabaq rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfatların yardımçı binaları, 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 Şərab zavodu, Konserv zavodu, Toxuculuq sexi, Kərpic zavodu, Çörəkbişirmə zavodu, Çınqıl zavodu, 2 Asfalt zavodu, Yazı düzü Su nasos stansiyası kompleksi, 3 Su nasos stansiyası, 8 Dəmir yol vağzalı, Mincivan Depo, Quşçuluq fabriki, Mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, 6 süni su tutarları olmuşdur.

Rayon mərkəzində yerləşən Muzeydə yüzlərlə eksponat var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirirdi.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.

20 oktyabr 2020–ci ildə Zəngilan şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Zəngilan rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Zəngəzur Azərbaycandır! 

Mənbə:

Qarabağ Yaddaş kitabı. Bakı 2010, MHS- paliqraf

Dövlət Statistika Komitəsinin məlumatları