Loading...
Ermənilərin Qarabağa köçürülməsi

Ermənilərin Qarabağa köçürülməsi

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

XV əsrin sonuna aid "Mən Çariçanı gördüm" adlı, müəllifi bəlli olmayan erməni poemasına diqqət edək. Poemada Rusiya çarı III İvanla (1462-1505) Bizans şahzadə xanımı Sofiya Poleoloğun toyu təsvir olunur. O, III İvanın təklif etdiyi hədiyyələrdən imtina edərək İstanbulun tutulmasını tələb edir, III İvan isə Qüdsü azad edəcəyini və Eçmiədzinədək gedəcəyini bildilir.

Poemanın ideyasının "Moskva - üçüncü Roma" nəzəriyyəsinə uyğun olduğunu aydın görürük. (Moskvanın üçüncü Roma olması haqqında baxış 1453-cü ildə İstanbulun süqutundan sonra yaranmağa başlamış, XVI yüzilliyin əvvəllərində Yelizar monastrının abidi Filofey tərəfindən bitkin nəzəriyyəyə çevrilmişdir. Xristian dövlətlərinin Türkiyəyə qarşı ittifaqı xüsusilə, "ikinci Roma imperiyası" adlandılıran Bizansın mülkiyyət və hüquqlarının varisinin Rusiya olması və başqa məsələlər bu nəzəriyyənin əsasını təşkil edir). Bu poemanın ideyası yalnız poetik istək olmaqla qalmamışdı. Onun həyata keçirilməsi üçün erməni-rus hərbi siyasi ittifaqının əsaslandırılması və yaradılması sahəsində də addımlar atıldı.

Erməni-rus münasibətləri Rusiyanın Kazan (1552) və Həştərxanın (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və başqaları) genişlənir, onun Xəzər sahili torpaqları istila etmək cəhətləri ilə daha da möhkəmlənir. Bu hadisələrin gedişi zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır.

Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi.

I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus - İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A. S. Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: "İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A. S. Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən - K. Ş. ) xahiş etdim və indi mən cənaba (Qriboyedova - K. Ş. ) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskoviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın".

1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu.

XV maddədən: "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəl­ləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.

Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi. Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.

N. İ. Şavrov 1911-ci ildə yazırdı: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür".

Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi. A. S. Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.

Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə . ) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ-K. Ş. ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır".

Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə baş­ladı. 1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi. ) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.

Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı.

XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsoli­dasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu. 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.

Qarabağda yaşayan ermənilər 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Ağdarə rayonunun Şıxarx (keçmiş Marağaşen) kəndində (hazırda Tərtər rayon ərazisi) xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır.

Mənbə: Yaqub Mahmudov, Kərim Şükürov Qarabağ – Real tarix, faktlar, sənədlər. Bakı, 2005