Loading...
İrəvanın tarixi – memarlıq abidələri

İrəvanın tarixi – memarlıq abidələri

İrəvan qalası

İndi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhər­lər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı döv­rünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.

İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirmişdir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi yazır ki, Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur.

İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti döv­ründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur. İrəvan qalası Səfəvilərlə Osmanlılar arasında gedən müharibələrdə 14 dəfə əldən-ələ keçmişdir.

1514-cü ildə Səfəvi hökmdarı Şah İsmayılla Osmanlı hökmdarı Sultan Səlim arasında Çaldıranda gedən döyüşdən sonra Səfəvilərin məğlubiyyəti nəticəsində İrəvan qalası türklərin əlinə keçir və 7 il osmanlıların hakimiyyəti altında qalır. 1521-ci ildə Sultan Səlimin vəfatından sonra Şah İsmayıl İrəvanı türklərin əlindən geri alır. 1534-cü ildə İrəvan qalası yenidən türklərin əlinə keçir və 1551-ci ildə Şah Təhmasibin dövründə səfəvi qoşunları şəhəri yenidən azad edirlər. 1554-cü ildə Sultan Süleymanın Cənubi Azərbaycana yürüşü zamanı İrəvan qalası yenidən türklərin əlinə keçir. Türk tarixçisi İbrahim Peçevi yazır ki, miladi təqvimi ilə 19 iyul 1554-cü ilə təsadüf edən tarixdə türk qoşunları, sözün həqiqi mənasında İran ölkəsinin ürəyi olan Rəvan şəhərinə daxil olmuş, xanların, sultanların saraylarını, parkları, bağları, xüsusən də “Bağ-i sultaniyyə” adlanan cənnətəbənzər bağı yandırmış və yerlə bir etmişdir.

1555-ci ildə osmanlılarla səfəvilər arasında bağlanan sülh müqaviləsinə əsasən İrəvan yenidən Səfəvilərin hakimiyyətinə qayıtmışdır. 1579-cu ildə İrəvan xanı Toxmaq xanın (əsl adı Məhəmməd xandır) hakimiyyəti dövründə Osmanlı qoşunlarının baş komandanı Lələ Mustafa paşanın komandanlığı altında türk qoşunları İrəvan qalasına hücum edərək onun daşını daş üstə qoymamış, qala içərisində olan bütün tikililəri yerlə yeksan etmişdi. Sonra iki dövlət arasında bağlanan müqaviləyə əsasən türk qoşunları İrəvan əyalətini tərk etmiş, Toxmaq xan qısa müddətdə bütün dağıntıları aradan qaldıraraq İrəvanı yenidən abad diyara çevirmişdi.

1583-cü ildə Sulan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalası üzərinə hücum etmiş və onu döyüşsüz ələ keçirmişdi. Fərhad paşa qalanı ələ keçirdikdən sonra müdafiə qurğularının tikintisinə başlamışdı. O, İrəvan qalasını yenidən inşa etdirərək daha da genişləndirmişdi. Ö. Çələbi yazır ki, Osmanlı əsgərlərindən ibarət 150 minlik ordu 45 gün ərzində Zəngi çayının sahilində qalanı yenidən tikib, 40 gün müddətində lazım olan sursat və hərbi ləvazimat ilə təchiz etdirmişdi. Sonralar İrəvan qalası yenə də dəfələrlə əldən-ələ keçsə də, Fərhad paşanın tikdirdiyi qala divarları bütün hücumlara tab gətirmişdi.

1604-cü ildə 8 aylıq mühasirədən sonra I Şah Abbasın qoşunları İrəvan qalasını türklərdən geri almışdı. 1635-ci ilin avqustunda IV Sultan Muradın qoşunu 9 günlük mühasirədən sonra İrəvan qalasını ələ keçirir. Artilleriya zərbələri nəticəsində qala divarları, onun qüllələri, müdafiə qurğuları ciddi dağıntılara məruz qalır və İrəvan xanı Təhmasibqulu xanın sarayı yerlə yeksan edilir. Təhmasibqulu xan əsir alınaraq İstanbula göndərilir. Qalada 15 minlik türk qarnizonu yerləşdirilir. 1639-cü ildə Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında imzalanan Qəsri-Şirin müqaviləsinə əsasən iki dövlət arasında sərhəd qərbi Arpaçaydan müəyyən edilmiş, bununla da təqribən 80 il sakitlik hökm sürmüşdü.

Fransız səyyahı Jan Tavernye 1655-ci ildə İrəvanda olmuşdur. Yol qeydlərinə əsasən yazdığı kitabında Tavernye İrəvan şəhərini və qalasını təsvir etmiş, şəhərin planını öz əsərinə daxil etmişdir. Tavernyenin yazdığına görə, Zəngi çayının sahilindəki təpədə salınan, 5 qülləyə və möhkəm müdafiə divarlarına malik olan İrəvan qalasının şimal tərəfə açılan bir darvazası olmuşdur. Tavernye qalanın sakinlərinin yalnız müsəlmanlarda ibarət olduğunu yazmışdır.

1673-cü ildə İrəvanda olmuş fransız səyyahı və kolleksioneri Jan Şardən İrəvan qalasını belə təsvir etmişdir: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar… Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir… Qalanın şimal tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam yerləşə bilər. Onun adı Keçi qalasıdır. ”

İrəvan qalası şəhərin 4 massivindən biri idi. Qala ilə digər yaşayış massivləri (Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı və Dəmirbulaq) arasında Bazar meydanı yerləşirdi.

1723-cü ildə Osmanlı qoşunları Tiflisi, bir il sonra isə böyük itkilər hesabına olsa da İrəvanı ələ keçirmişdi. Türk qoşunlarının komandanı Rəcəb paşa İrəvan qalasının divarlarını daha da möhkəmləndirmiş, qalanın içərisində məscid inşa etdirmişdi.

Təqribən 11 ildən sonra İrəvan qalasını Nadir şah osmanlılardan azad etmişdir. 1747-cildə Nadir şahın öldürülməsindən sonra İrəvan xanlığı müstəqillik qazanır. Xanlıqlar arasında ixtilaflar və çəkişmələr olsa da, İrəvan xanlığı əsasən öz müstəqilliyini qoruyub saxlaya bilmişdi.

XIX əsri əvvəllərində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hərbi əməliyyatlara başlamışdı. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi.

İrəvan xanı Hüseynqulu xan Qacar İrəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirilməsinə nail olmuşdu. İrəvan qalasında toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. İ. Qudoviç yazırdı ki, İrəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır.

Rus qoşunlarının İrəvan qalası üzərinə ikinci hücumu 1808-ci il sentyabrında baş tutmuşddu. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirmiş, sonra isə İrəvan ətrafında düşərgə qurmuşdular. Lakin bu dəfə də rus qoşunları İrəvan qalasını ələ keçirə bilməmişdilər. Nəhayət, 1827-ci ilin sentyabrın 15-də rus qoşunları uzun surən mühasirədən sonra Sərdarabad qalasını ələ keçirirlər. Bundan sonra bütün qüvvələr İvan Paskeviçin komandanlığı altında İrəvan qalasına yönəlmişdi.

1827-ci il oktyabrın1-də rus qoşunları əvvəlcə qalanın cənub-qərb qülləsini ələ keçirmiş, sonra isə qalanın şimal darvazasını (Şirvan darvazası) sındıraraq qalaya daxil olmuşdu. Qalanı işğalından sonra İ. Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırdı ki, İmperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur qalanın açarları onun əlindədir, bütün qarnizon əsir götürülmüşdür, 37 top, 2 qaubisa (qısalüləli ağır top), 9 mortir (qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir. “Alınmaz qala” adlandırılan İrəvan qalasının rus qoşunlarının fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatdırıldı. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik etmiş, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan vermiş, casusluq fəaliyyəti göstərmişdilər.

İrəvan qalasının alınmasındakı xidmələrinə görə İ. Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.

İrəvan qalasının alınması xəbəri Rusiya Imperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Qalanın süqutundan sonra İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqa şəhərində olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdi. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi.

Qalanın işğalından dərhal sonra, ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər.

Rus qoşunlarının İrəvan qalası üzərinə hücumunu müşahidə edən rəssam akademik V. Moşkov qalanın şimal-qərb istiqamətindən qoşunalrın artilleriya hücumunu təsvir edən “Hücumla İrəvan qalasının alınması” adlandırdığı rəsm əsəri hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır.

Digər rus rəssamı və batalisti, akademik Frans Rubo İrəvan qalasının alınması mənzərəsini təsvir etmişdir. Bu əsər isə hazırda Ermənistan tarix muzeyində saxlanılır.

İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən çertyojunda göstərilən miqyasa əsasən aparılan hesablamalardan bəlli olur ki, uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı isə Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.

İşğaldan sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi. 50-ci illərdə qalanın içərisində müxtəlif tikinti işləri aparılmış və təmir-bərpa işləri görülmüşdü. Qalada rus hərbi hissələri və onlarla top saxlanılırdı. İrəvan qalası 1864-cü il martın 12-dək hərbi –istehkam qalası statusunu saxlamışdır. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarının, qüllələrinin daşlarını ətrafda yaşan sakinlər söküb aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdi.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Əksər tədqiqatçıların təsdiq etdikləri kimi, Aleksandr Tamanyanın rəhbərliyi altında hazırlanan həmin baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir. İkinci Dünya müharibəsi dövrünə aid şəkillərdə İrəvan qalasının divarlarının müəyyən hissəsinin hələ də mövcud olduğu görünür. Lakin sonralar qala divarları tamamilə sökülmüş və hazırda ondan əsər-əlamət qalmamışdır.

İrəvan qalasının həmyaşıdları – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. İrəvanda isə orta əsr memarlığından soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, İrəvan şəhərində yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə qalmamışdır. Hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən “İrəvan qalasının açarı” da nümayiş etdirilir.

Son illərdə Ermənistan rəhbərləri “İrəvan qalası” adı altında yeni layihə həyata keçirmək fikrinə düşüblər. Bu məsələdə erməni rəsmiləri üç əsas məqsəd güdürlər. Birincisi, xaricdən gələn qonaqlara “qədim İrəvandan” kiçik bir nümunə göstərmək imkanı əldə edir, ikincisi, ermənilərin Şərq mədəniyyətinə, müsəlmanların irsinə tolerant münasibət göstərdiklərini nümayiş etdirmək şansı qazanır, üçüncüsü isə yeni “İrəvan qalası”nda XVII-XVIII əsrlər memarlığı üslubunda inşa edilməsi nəzərdə tutulan “Sədar sarayı”ndan, ticarət obyektlərindən, bazarlardan karvansaralardan, Şərq hamamlarından və s. külli miqdarda gəlir əldə etmək istəyirlər. Şəhər ətrafında – keçmişdə Yenikənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları yaşayış massivində 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun İrəvana 2010-cu ilin yanvarındakı səfəri zamanı erməni rəsmiləri onu şirnikləndirərək “İrəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün onun razılığını almışdılar. Lakin Y. Lujkov Moskvanın meri vəzifəsindən uzaq­laş­dırıl­dıqdan sonra “İrəvan qalası” layihəsinin icrası yeni sponsor tapılanadək təxirə salınıb.

Xan sarayı

İrəvan şəhərində mövcud olmuş mülki memarlıq nümunələrindən ən diqqətçəkəni İrəvan qala­sın­dakı Xan sarayı, yaxud Sərdar sarayı idi. İstər Səfəvilər, istər Nadirşahlıq, istərsə də Qacarlar dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında ol­muş­dur. 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan İrəvan qalası ilə üzbəüz Zəngi çayının sağ sahilində bağ saldırmış və qalanın içərisində yeni xan sarayı inşa etdirmişdi. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı Övliya Çələbinin yazdığına görə, 1583-cü ildə Sulan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalasını və behiştə bənzər Toxmaq xan sarayını uçurub, daşı daş üstə qoymamışdı. Sonra isə 45 gün ərzində qalanı yenidən tikdirərək lazım olan sursat və hərbi ləvazimat ilə təchiz etdirmişdi.

Sonradan İrəvan əyaləti yenidən səfəvilərin hakimiyyəti altına keçir. Əmirgünə xan Qacarın (1604-1625) İrəvanın hakimi olduğu dövrdə qala və Xan sarayı daha da möhkəmləndirilmişdi. 1679-cu il zəlzələsindən sonra tamamilə dağılan İrəvan qalası və o cümlədən, Xan sarayı Zal xan (1679-1688) tərəfindən yenidən bərpa edilmişdir.

İrəvan əyalətinin Osmanlı hakimiyyəti altına keçdiyi dövrdə Rəcəb paşa (1725-1728) tərəfindən İrəvan qalasındakı saray kompleksində xeyli quruculuq və abadlıq işləri həyata keçirilmişdir. Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyəti dövründə yeni Xan sarayı inşa edilmişdir. Hüseynəli xanın və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövrləri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü hesab edilir.

Hüseynəli xan yeni iqamətgah inşa etdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər Xoylunu İrəvana dəvət etmişdir. XX əsrin əvvəllərinədək İrəvan qalasında mövcudluğunu saxlayan Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulmuşdur. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Güzgülü salonu və Sərdar bağındakı Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilmiş və ona bir sıra tikililər əlavə edilmişdir.

İrəvan qalasının və Xan sarayının Rusiya işğalından sonra çəkilmiş cizgilərinin (çertyojlarının) bir qismi hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır. 1837-ci ildə Sərdar sarayının tərtib edil­miş mükəmməl cizgisində göstərilən miqyasa əsasən sarayın təqribən 1 hektar ərazini tutduğu aydın olur. Saray qala kompleksinin şimal-qərb hissəsində yerləşmiş və qaladan saraya qapı açılırmış. Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray binası trapesiya formasında (ölçüləri 36x35x31x25 m) olmuşdur. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə ayrılan yataq yerləri – taxçalar düzəldilmişdi. Xan sarayının Güzgülü zalında xanın taxtının önündə müalicəvi xüsusiyyətli damarlı əqiq daşlardan (oniks) ulduzvari hovuz düzəldilmişdi. Ortasında kiçik fontan olan hovuz rus rəssamı Q. Qaqarinin çəkdiyi Güzgülü zalın rəsmində də öz əksini tapmışdır. Həmin hovuz hazırda İrəvan şəhər Tarix Muzeyində saxlanılır. Bunlardan əlavə, Xan sarayına bitişik daha iki bina – biri xanın yaxın ətrafının yaşadığı bina, digəri yardımçı tikili olmuşdur.

Bir- birinə bitişik olan və uzun fasada malik Xan sarayı və hərəmxanası vahid memarlıq kompozisiyası təşkil edirdilər. Hərəmxana sarayla kiçik dəhliz vasitəsilə birləşirmiş. Düzbucaqlı formada olan hərəmxananın uzunluğu 200 fut (1 fut = 0,3048 m), eni təqribən 125 fut olmuşdur. Hərəmxananın çoxlu otaqları və dəhlizləri var idi. İrəvan qalasının rus qoşunları tərəfindən işğalından sonra – yəni 1827-ci ildə hərəmxana hospitala çevrilmişdi. Sərdar hərəmxanasının mərmər üzlük çəkilmiş, mozaikalı ornamentlərlə bəzədilmiş hamamı da öz təmtərağı ilə seçilirdi. Hərəmxanın geniş yay hovuzu var idi. Uzunluğu 15 sajen (1 sajen = 2,1336 m), eni 4 sajen, dərinliyi 3 arşın (1 arşın = 71, 12 sm) olan hovuz və hamam 1830-cu ilədək mövcud idilər. Bu tikililər qalanın “yenidənqurulması” zamanı digər çoxsaylı tikililərlə birgə sökülərək məhv edilmişdi.

Mütəxəssislərin qənaətinə görə, İrəvan Xan sarayı memarlıq forması, biçimi, plan quruluşu, daxili həcminin həlli və bədii tərtibatına görə Şərq memarlığının şah əsərlərindən sayılan, 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Təbrizdə, 1669-cu ildə Şah Süleyman səfəvi dönəmində İsfahanda inşa edilən “Həşt behişt” (“Səkkiz cənnət”, yəni 8 qatlı cənnət) adlandırılan saray-komplekslərinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirmişdir. Digər maraqlı cəhət orasıdır ki, həm relyefinin seçilməsi baxımından, həm də tikintinin arxitektura həlli baxımından Xoy, İrəvan və Şəki xanlarının sarayları bir-birini sanki təkrar etmişlər. Bu, onu deməyə əsas verir ki, hər üç saray dövrünün məşhur memarı Mirzə Cəfər Xoylu memarlıq məktəbinin üslubunda inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Belə məlumat vardır ki, İrəvan xanı Hüseynəli xan yeni saray tikdirmək istəyərkən Xoy xanı olan qohumu Əhməd xana (1763-1786) müraciət etmişdir. Əhməd xan Hüseynəli xanın qızı ilə evlənmişdi. Hüseynəli xan 1783-cü ildə vəfat etmiş, onun yerinə oğlu Qulaməli xan hakimiyyətə keçmişdi. 1784-cü ildə Qulaməli xan qətlə yetirildikdən sonra kiçik qardaşı Məhəmməd xan İrəvan xanı olmuşdu. Əhməd xan İrəvan xanı üzərində təsirini daha da artırmaq üçün 1785-ci ildə 30 yaşlı qızını 12 yaşlı Məhəmməd xana ərə vermişdi.

Tanınmış Rusiya yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi, 1819-cu ilin fevralında İrəvan xanının sarayında olmuşdur. Qriboyedovun bu ölkədə (yəni İrəvan xanlığında – N. M. ) Allahdan sonra birinci, qacarlar dövlətində isə nüfuzuna görə üçüncü adam hesab etdiyi sərdar Hüseynqulu xan mövcud ənənəyə görə, qonaqların şərəfinə ziyafət təşkil etmişdir. Qriboyedovun ağlına belə gəlməzdi ki, 1827-ci ilin oktyabrında İrəvan qalasının süqutundan bir qədər sonra məhz həmin Güzgülü salonda onun məşhur “Ağıldan bəla” əsərini rus zabitləri onun özünün iştirakı ilə tamaşaya qoyacaqlar. Qriboyedov Hüseynqulu xanın qonaqları qəbul etdiyi Güzgülü salonu ətraflı təsvir etmişdir.

İrəvan xanlığı Rusiya işğalından sonra bir sıra Avropa və Rusiya tədqiqatçılarının diqqət mərkəzinə olmuşdur. Fransız səyyahı, geoloq və rəssamı Fredrik Düyuba de Monpere 1833-cü ildə Qafqaza səyahət etmiş və 1839-1843-cü illərdə Parisdə onun 6 cilddən ibarət “Qafqaz ətrafına səyahət” kitabları işıq üzü görmüşdür. Müəllif həmçinin həmin kitablara əlavə olaraq xəritələri, planları və rəsmləri əhatə edən 5 hissədən ibarət atlaslar çap etdirmişdir. Qravüraçı rəssam Nikole Erkül Fredrik Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır. Həmin atlasların 3-cü hissəsində Sərdar sarayının Güzgülü zalının interyerinin, Güzgülü zalın divarlarındakı rəsmlərin və divar naxışlarının, sərdar Hüseyn xanın hərəmxanasının həyətinin içərisindən həmin tikilinin şəkilləri öz əksini tapmışdır.

İrəvan Xan sarayını 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı Avqust fon Haksthauzen də ətraflı təsvir etmişdir.

1880-ci ilin oktyabrında məşhur Rusiya arxeoloqu qrafinya Praskofya Aleksandrovna Uvarova İrəvan qalasında olmuş, uçulub dağılan Xan sarayının vəziyyətini təsvir etmişdir. Erməni tədqiqatçısı Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” kitabında P. Uvarovanın Qafqaz ekspedisiyasının nəticələri haqqında dərc etdirdiyi “Qafqaz. Yol qeydləri” (Moskva, 1887) kitabının birinci cildindən aşağıdakı sitatı gətirir: “Qala divarlarının və qüllələrinin içərisində Zəngi çayının altından yeraltı keçidi, fontanlı həyətləri, hamamları, hərəmxanası və iki məscidi olan Sərdar imarəti (yəni Xan sarayı kompleksi) yerləşir. Bütünlüklə sırf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsmlərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalı (yəni Güzgülü zal ) salamat qalıb.

İrəvan Xan sarayının daxili tərtibatı haqqında şahidlərin təsvirləri, rus rəssamı akademik Vladimir Moşkovun, həvəskar etnoqraf və rəssam knyaz Qriqori Qaqarinin, fransız səyyahı və rəssamı Düyuba de Monperenin çəkdikləri rəsm əsərləri, fotoqraf Dmitri Yermakovun, ingilis səyyahı Henri Linçin çəkdikləri fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir.

Sənətşünas alim N. Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2x1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan Incəsənət Muzeyinə verilmişdir.

Fotoqraf D. Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan sarayının bütün detallarını əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muzeyində D. Yermakova aid kolleksiyada saxlanılır.

Köhnə İrəvana aid şəkillər içərisində İrəvan qalasının və Xan sarayının 1916-cı ildə çəkilmiş fotoşəkilləri mövcuddur. Görünür, Xan sarayının 1918-ci ildə yer üzündən silinməsi haqqında bəzi müəlliflərin yazdıqları həqiqətdir. Çünki 1918-ci ildə İrəvan quberniyası ərazisində erməni-daşnak hökuməti qurulmuş, azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdi. İrəvan şəhərində azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz həmin dövrdə yer üzündən silinmişdir.

Xan sarayı erməni vandalları tərəfindən Yer üzündən silinsə də, günümüzədək gəlib çatan mə­lumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan sarayı kompleksinin tam mən­zə­rəsini yaratmağa imkan verir.

İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-memarlıq abidələrindən biri də Pənah xan Makinskinin evi idi. İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşirdi. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına salınsa da, ötən əsrin 60-cı illərində onun da aqibəti azərbaycanlılara məxsus digər tarixi-memarlıq abidəsi kimi olmuş, dağıdılaraq yer üzündən silinmişdir.

İrəvan xan sarayı kompleksinin həmyaşıdları – Bakıda Şirvanşahlar sarayı, Şəkidə Xan sarayı kompleksləri bu gün də yaşayır, keçmişdən bu günə soraq verirlər. İrəvanda isə keçmişdən soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər. Azərbaycanlılara məxsus əsrlər boyu yaranmış tarixi-memarlıq abidələrinin izini silən ermənilər, indi biznes şəbəkəsi qurmaq məqsədilə “İrəvan qalası” layihəsi hazırlamışlar. Şəhər ətrafında – keçmişdə Təzəkənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları massivdə 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Həmin layihədə ticarət obyektləri, karvansaralar, Şərq hamamları ilə yanaşı mini “Sərdar sarayı” da inşa edilməsi də nəzərdə tutulur. Həmin layihə başa gəlsə belə, onun tarixi-memarlıq baxımından heç bir qiyməti ola bilməz. Çünki Şərq memarlığının nadir incisi hesab edilən İrəvan xanlarının saray kompleksi ermənilərin dağıdıcı fəaliyyətləri nəticəsində yüz ildir ki, tarixin yaddaşına köçüb.

Məscidlər

Hər hansı xalqın müəyyən ərazidə varlığını təsdiqləyən əlamətlərdən biri onlara məxsus dini ibadətgahların mövcud olmasıdır. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri bir memarlıq nümunəsi idi. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılmışdır.

İslami dəyərlərin həyat normasına çevrildiyi qədim İrəvan şəhərində onlarla məscid mövcud olsa da, gah aramsız müharibələr, gah da tez-tez baş verən zəlzələlər nəticəsində onların bir çoxu tamamilə yer üzündən silinmişdir. İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında həm müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların, həm də Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür.
Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir.

1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi.

Məşhur fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olmuş və şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid haqqında məlumat vermişdir. O, bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandırıldığını yazır.

1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” 6 cildlik əsərində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl sənət əsəri olduqlarını əyani nümayiş etdirir.

Sərdar məscidi

Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir.

Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P. Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P. Uvarovaya istinadən Y. Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir.

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ. Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi-N. M. ) yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır.

1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.

Rəcəb paşa məscidi

1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-cil oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan “Allahsızlar” kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də yer üzündən silinmişdir.

1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B. Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi.

Erməni tədqiqatçısı M. Qasparyan göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində mövcud olmuş məscidlərdən Göy məscid, Hacı Hüseyn və Şəhər (Zal xan) məscidləri Könhə şəhər (Şəhri) massivində, Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq massivində yerləşmişdir.

1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar. 1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edilməsindən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı.

Göy məscid

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Zal xan məscidinin 1649-1685-ci illərdə, Göy məscidin 1776-cı ildə, Sərdar məscidinin 1807-1817-ci illərdə, Hacı Cəfər bəy məscidinin isə XVIII əsrdə inşa edildiyi göstərilmişdir. İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdır. .

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi.

1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç səfərləri haqqında 1901-ci ildə Londonda çap etdirdiyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy caminin, Hacı Nəsrullah (bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi çəkilir) bəy məscidinin və Şəhər camisinin adlarını çəkir. Göy məscid haqqında ətraflı məlumat verən Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir.

Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticə­sində onun “Mavi brilliant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas olunmuşdu. 1936-cı ildən Göy məscidin binasında İrəvan şəhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət eyni zamanda hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Zal xan məscidi

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H. Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir.

Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mər­kəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir. İkimərtəbəli binası və çoxlu hüc­rələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyiş­dirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.

Təpəbaşı məscidi

Təpəbaşı yaşayış massivində yerləşən məscidinin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. Hazırda dağıdılmış vəziyyətdə olan Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar.

Dəmirbulaq məscidi

Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Hacı Cəfər bəyin tikdirdiyi Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M. F. Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yan­dırmışdılar. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı mü­na­sibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divar­larını rəngləmişdilər ki, yanğının izləri ört-basdır edilmiş olsun.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs etmişdir. R. Kullen yazır ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 №-li evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu pıçıltı ilə R. Kullenə söyləmişdi ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R. Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə bir etdiklərini dostu ona söyləmişdi.

Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təs­vir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasinda yerləşir. Dar daş pilləkənlər məni ətrafı paslanmış qarajlar, kərpic və qum qalaqlarından ibarət boş bir məkana gətirib çıxartdi. Mən demək olar ki, əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azərbaycanlılarının istifadə etdiyi məscid dayanmışdı. Lakin həmin məscidin bəxti gətirmədi: onu “fars” məscidi hesab etməyərək (burada “fars məscidi” adı altında “bərpa edilən” Göy məscid nəzərdə tutur –) uçurmuşdular.

Ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökmüşlər. Bakıdakı erməni kilsəsinin sökülməsi xəbəri məqsədli şəkildə yayılmışdı ki, Ermənistan ərazisində qalan azərbaycanlılara məxsus mədəni irsin yer üzündən silinməsinə ermənisayağı bəraət qazandırılsın. Ermənistanın Azərbaycana hərbi təcavüzündən keçən 20 ildən artıq müddətdə nəinki Bakıda mövcud olan yeganə erməni kilsəsi dağıdılmış, tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilir.

İrəvan şəhərini 1988-ci ildə tərk edən sakinlərin ifadələrinə görə, hazırda Nar-Dos küçəsindəki fransız məktəbinin yaxınlığında köklü irəvanlıların “Həzrət Abbas ocağı” adlandırdıqları pir mövcud olmuşdur. Çəpərə alınmış həmin ocağın içində qara daş var idi. Nəinki azərbaycanlılar, hətta işi müşkülə düşən ermənilər belə, həmin ocağa gələr, niyyət tutar, nəzir-niyazlarını ocağın içinə qoyub gedərdilər. Nar-Dos məktəbi inşa edilərkən şəhər rəhbərliyi həmin ocağı sökmək qərarına gəlir. Ekskavatorla söküntü aparan sürücünün başına qəfildən daş düşüb ölməsindən sonra sökmə işləri dayandırılmış və onun ətrafına sonradan çəpər çəkilmişdi. Həmin ocaqdan da indi əsər-əlamət yoxdur.

İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən biri də əvvəllər Əzizbəyov meydanı, hazırda Saxarov meydanı adlandırılan meydanın arxasındakı Tumanyan küçəsində yerləşən mədrəsədir. Görünür, vaxtilə həmin yerdə mövcud olmuş məscid sökülsə də, onun mədrəsəsindən bu gün də yaşayış evi kimi istifadə edilir. Lakin nədənsə, həmin mədrəsə İrəvan şəhərinin tarixi-memarlıq abidələrinin siyahısına daxil edilməmişdir.

Doğrudan da, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni soyqırım həyata keçirilmişdir.

Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi-12 ünvanında yerləşən Göy məscidin və Xorhrdarani küçəsi - 40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qorunduğu qeyd edilmişdir. Halbuki, təqdim etdiyimiz şəkildən də göründüyü kimi, hazırda Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2-3 metr enində, 3-4 metr hündürlüyündə kiçik bir parçası qalmışdır. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşayış kompleksi inşa etmişdir.

XIX əsr Avropa və rus səyyahlarının və tədqiqatçılarının möhtəşəm və nadir memarlıq nümunəsi adlandırdıqları İrəvan qalasındakı Sərdar məscid-kompleksindən bir ovuc xarabalığın qalması “mədəni” ermənilərin həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.

Nəinki İrəvan şəhərində, ümumiyyətlə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus məscidlərin və digər dini ibadət yerlərinin yer üzündən silinməsinə görə Ermənistan dövlətindən haqq-hesab çəkilməlidir.

Əmir Səəd məqbərəsi

İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa işlərindən sonra rəsmi İrəvan dairələri onu “İran məscidi” və yaxud “Fars məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid məqbərəni də “Türkmən məqbərəsi” adlandırırlar.

Ermənilərin məqsədləri aydındır: tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikdən sonra, onlara məxsus tarixi-memarlıq abidələrini də yer üzündən silmək, bu da mümkün olmazsa, onların adlarını dəyişdirməklə izi azdırmaq.

Zəngibasar (Masis) rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Cəfərabad kəndinin adını Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli qərarı ilə dəyişdirərək Arqavand qoymuş, Göykümbət kəndinin adını isə 1 dekabr 1949-cu ildən Gexanist adlan­dır­mışlar. Göykümbət kəndində Qaraqoyunlu tayfa birliklərinə daxil olan Səədli tayfasının başçılarının qəbiristanlığı olmuşdur. Həmin qəbiristanlıqda bir neçə türbə olmuşdur ki, onlardan da yalnız biri – Əmir Səəd məqbərəsi günümüzə qədər gəlib çatmışdır.

Əmir Səəd məqbərəsi Qarqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə inşa etdirilmişdir. Hələ Əmir Səədin sağlığında onun hakimiyyəti altında olan ərazilər Çuxur Səəd, yəni Səədin çuxuru adlandırılırdı. Çüxur-Səəd əmirliyinın tabeçiliyində olan ərazilərə hazırda Türkiyənin İqdır vilayətinin düzənlik ərazisini əhatə edən və o zaman Sürməli adlanan ərazi və Ağrı dağı vadisi daxil olmuşdur. Pir Hüseynin idarəçiliyi dövründə əmirliyin sərhədlərinə Qars şəhəri və onun ətraf əraziləri də daxil olmuşdur. Erməni tarixçisi A. D. Papazyanın yazdığına görə, Çuxur-Səəd adına ilk dəfə erməni mənbələrində Matenadaranda saxlanılan 1428-ci ilə aid alqı-satqı sənədində rast gəlinir. Üçkilsə (Vağarşabad, indiki Eçmiədzin) kəndinin alqı-satqısına aid həmin sənəddə qeyd olunur ki, Üçkilsə kəndi Karpi nahiyəsinin kəndlərindən biridir, hansı ki, Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşir. Ərəbcə tərtib edilən həmin sənəddə şahidlər özlərini “səədilər” adlandırmışlar.

Qaraqoyunlu tayfa birliklərinin başçısı Qara Yusif Əmir Teymurun vəfatından bir il sonra, yəni 1406-cı ildə onun nəvəsi Əbu Bəkiri Çüxur-Səəddə məğlubiyyətə uğradır və onu qaçmağa məcbur edir. Bununla da teymurilərin hakimiyyətinə son qoyulur. Qara Yusif bölgənin idarəçiliyini yenidən səədli tayfasının başçısı və həmin bölgəni XIV əsrin sonlarından idarə edən Əmir Səədə həvalə edir. 1411-ci ildə Əmir Səəd vəfat edir.

Əmir Səədin vəfatından iki il sonra – yəni 1413-cü ildə Pir Hüseyn atasının məzarı üzərində həmin məqbərəni tikdirmişdir. Bu abidəni digər orta əsr abidələrdən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, o kərpicdən deyil, yerli qırmızı tuf daşdan inşa edilmişdir. Azərbaycan memarlıq tarixinin görkəmli tədqiqatçısı professor Leonid Bretaniski 1939-cu ildə Q. Yelkin, L. Mamikonov D. Motislə birgə Əmir Səəd məqbərəsində ölçmə işləri aparməşlar. L. Bretaniski Əmir Səəd məqbərəsini Möminə-xatun məqbərəsinin kərpic memarlığı formasından daş memarlığa “keçidin” özünəməxsus forması adlandırmışdır.

Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi rəhmli Allahın adı ilə və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in 2-ci surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu dövlətinin bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: «Bu müqәddәs qübbәli sәrdabә әn böyük, әn gözәl, әn nәcib, xoş xasiyyәtli padşaһların vә sultanların dayağı, fәqirlәrin, sәfillәrin arxası, aqillәrin vә biliklәr üçün susamışların һimayәçisi, yoxsullara vә iztirab çәkәnlәrә әl tutan, dövlәtinә eşq olmuş Әmir Sәədin oğlu Pir Hüseynin buyruğu ilә ucaldılmışdır. Qoy onun әdalәtli, idarә üsulu var olsun. Qoy mәrһәmәtli, mәrһum, mәrһәmәtlilәrin ağuşuna atılmış Әmir Sәədin torpağı pak olsun. Qoy Allaһ böyük padşaһın һökmranlıqı dövründә, alicәnab xaqan, Şәrqin vә Qәrbin şaһlar şaһı, dövlәtin vә dinin dayağı Pir Budaq xan vә Yusif noyənin һakimiyyәtini әbәdi etsin, – 816 hicri, rәcәb ayının 15-i”.
Bu tarix miladi təqvimi ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir.

Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bugünədək gəlib çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq yolu ilə qoy “fars”, “türkmən”, “monqol” abidəsi adlandırılsın, bununla da həmin abidələrin əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin. İndi ermənilər Abovyan küçəsində aşkarlanan həmin sərdabəni “monqol abidəsi” adı altında Ermənistan hökuməti tərəfindən qorunan tarixi abidələr siyahısına daxil etmişlər.

Rəsmi İrəvan “türkmən abidəsi” kartından Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdıməhəmmədovun İrəvana rəsmi səfəri zamanı da istifadə etmişdir. 2012-ci il noyabrın 28-də İrəvandakı Böyük konsert zalında Qurbanqulu Berdıməhəmmədovun erməni dilinə tərcümə edilmiş üç kitabının («Полет небесных скакунов», «Туркменистан» и «Туркменистан – край исцелений») təqdimat mərasimi keçirilmiş, ertəsi gün Türkmənistan prezidentini Cəfərabad kəndinə apararaq “türkmən abidəsi” kimi Əmir Səəd məqbərəsini necə mühafizə etdiklərini göstərmişlər. Ermənilərin bu “qayğıkeşliyindən” riqqətə gələn Türkmənistan prezidenti öz ölkəsi üçün heç bir geosiyasi və iqtisadi əhəmiyyət kəsb etməyən Ermənistanla müxtəlif sahələrdə tərəfdaşlıq müqavilələri imzalamış, hətta Türkmənistanın Ermənistana elektrik enerjisi ixrac etmək niyyətində olduğunu bildirmişdir.

Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səəd məqbərəsi hazırda “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.

Mənbə :

Nazim Mustafa İrəvan Şəhəri , Bakı – 2013