Loading...
Qətnamə 874

Qətnamə 874

S/RES/874 (1993) 14 oktyabr 1993 Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası

Qeyri-rəsmi tərcümə.

Qətnamə 874 (1993) 14 oktyabr 1993-cü il Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək,

1. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;

2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;

3. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli"ni3 alqışlayır və tərəflərin diq­qətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır;

4. Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;

5. Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləş­dirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;

6. ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləş­dirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;

7. Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;

8. ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;

9. Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;

10. Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;

11. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir;

12. Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;

13. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il üçün rəsmi hesabatları, Qətnamələri və qərarları.

l. S/26326. 2. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə, sənəd S/26522. 3. Yenə orada, sənəd S/26522, əlavə.

http://www. azerbaijan. az