Loading...
Ermənistandakı dərin iqtisadi böhran ölkədəki tənəzzüldən xəbər verir

Ermənistandakı dərin iqtisadi böhran ölkədəki tənəzzüldən xəbər verir

Strateji Araşdırmalar Mərkəzinin "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatdan.

Dünya iqtisadiyyatında yaşanan yeni təlatümlər Ermənistanda böyük narahatlıqla izlənməkdə, onun ölkəyə hansı təsirlər göstərəcəyi geniş müzakirə predmetinə çevrilməkdədir. Buna əsas səbəb isə Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan dövlət kimi mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyüdür. Ümumiyyətlə, qlobal maliyyə böhranının postsovet məkanında daha çox Ermənistana təsir göstərməsi bu ölkənin iqtisadiyyatını sürətlə məhvə doğru aparmaqdadır. Ermənistan iqtisadiyyatının gündən-günə zəifləməsi və əhalinin sosial vəziyyətinin daha da acınacaqlı hala düşməsi isə bunun əyani göstəricisi sayıla bilər. Son illərdə Ermənistana daha ciddi təsir etməyə başlayan böhranın cari ilin yaz aylarında bu dövləti, ümumiyyətlə, çıxılmaz vəziyyətə salacağı gözlənilir.

Ermənistanın bütün sahələrdə son durumu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyevin "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatda ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Ermənistanda 2009-cu ildə dünya maliyyə və iqtisadi böhranının nəticələri kifayət qədər təsirli olmuş, ümumi daxili məhsul (ÜDM) real ifadədə 14,1 faiz, nominal ifadədə 3 milyard ABŞ dolları həcmində azalmışdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın ÜDM-ə faiz nisbəti 2008-ci ildəki 40,8 faizdən, 2009-cu ildə 34,7 faizə qədər düşmüş və sonrakı illərdə azalma davamlı xarakter daşımış, dramın devalvasiyası baş vermişdir. 2010-cu ildə ÜDM-in artım tempi 2,2 faiz, 2011-ci ildə 4,7 faiz, 2012-ci ildə 7,2 faiz təşkil etmişdir. Beləliklə, Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa etmişdir.

Beynəlxalq Valyuta Fondunun (BVF) 2012-ci ilin noyabr ayında dərc edilən "Qafqaz və Mərkəzi Asiya" hesabatında haqqında danışılan bölgələr üzrə ən böyük qeyri-rəsmi iqtisadiyyatın səviyyəsi Ermənistanda göstərilmişdir. Bu rəqəm ÜDM-in 35 faiz nisbətində ölçülür.

Bu gün vəziyyətin kifayət qədər acınacaqlı olduğuna diqqət çəkən Ermənistan müxalifəti mətbuata verdiyi açıqlamalarda qeyd edir ki, ölkə yanlış siyasətin əsirinə çevrilmişdir. Bu siyasət bir çox sahələrdə olduğu kimi, iqtisadi müstəvidə ölkənin tənəzzülünü daha da sürətləndirmişdir: "Qiymətlər durmadan artır, əhalinin gəlirləri inflyasiyaya adekvat deyil. Mərkəzi Bank hər vəchlə çalışır ki, dövlət büdcəsi dolsun, inflyasiya sabit qalsın. İqtidar parlament seçkiləri öncəsi verdiyi vədlərə əməl etmir. Yarıtmaz siyasət nəticəsində nə büdcə dolur, nə də qiymət artımı dayanır. Əksinə, Ermənistan iqtisadiyyatı get-gedə daha iflic vəziyyətə düşür".

Bütün bunlarla yanaşı o da qeyd olunur ki, büdcənin doldurulmasında hakimiyyət bütün əsas yükü kiçik və orta bizneslə məşğul olanların üzərinə qoymağa çalışır. Bu sahədə fəaliyyət göstərənlərin sayı olduqca məhdud olduğuna görə onlar öz bizneslərini dayandırır, başqa əlac olmadıqda isə xarici ölkələrə köçməyə üstünlük verirlər. Beləliklə də ölkə büdcəsinin doldurulmasında ciddi problem yaşanır, eyni zamanda kiçik və orta biznesin sıradan çıxma prosesi daha geniş vüsət alır.

Strateji Araşdırmalar Mərkəzinin (SAM) "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatda vurğulanır ki, dövlət büdcəsi Ermənistan iqtisadiyyatında real sektorun daha zəif inkişaf etdiyini göstərən ən böyük maliyyə güzgüsüdür. Bu, ilk növbədə onunla bağlıdır ki, vergi daxilolmalarının strukturunda ticarətin payı yüksəkdir. Bir qayda olaraq büdcə sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə sektorundan daxilolmalar hesabına formalaşır. Belə olduğu təqdirdə dövlət büdcəsinin 70 faizdən artıq hissəsini təşkil edən vergi daxilolmalarının böyük bir qisminin ticarət sektorunun hesabına formalaşması Ermənistan iqtisadiyyatının real sektorunun zəif olmasından, həmçinin vergi yükünün kiçik və orta sahibkarlığın üzərinə düşməsindən xəbər verir. 2013-cü ilin büdcəsində əməkhaqları və pensiya üzrə artım nəzərdə tutulmamışdır. Cari il yanvarın 1-dən yeni vahid gəlir vergisi qüvvəyə minir. Bu "yeni islahata" görə, aylıq gəliri təqribən 300 ABŞ dollarına yaxın vətəndaşlar 24,4 faiz, bu nisbətdən yuxarı olanlar isə 26 faiz dərəcə ilə vergi ödəməli olacaqlar. Maraqlı məqam ondan ibarətdir ki, bu vergi özündə həm gəlir vergisini, həm də sosial sığorta ayırmalarını birləşdirir. Nəzərə alsaq ki, Ermənistanda büdcə sektorunda çalışanların sayı 185 min nəfərdən çoxdur (bundan başqa, daha 8 min nəfər dövlət qulluqçusu olaraq çalışır), bunların 80 faizə yaxın hissəsi təhsil və səhiyyə sahəsində çalışaraq 240 ABŞ dollarından aşağı əməkhaqqı alan vətəndaşlardır, o halda bu kateqoriyadan olan şəxslərin vergi yükünün əhəmiyyətli şəkildə artacağı aydınlaşır.

Hesabatda xüsusilə vurğulanır ki, seçki ilində əməkhaqqı və pensiya üzrə artımların nəzərdə tutulmaması, əksinə, vergi yükünün artırılması və kommunal tariflərin son 3 ildə əhəmiyyətli artımı yoxsulluq, işsizlik, miqrasiya və sürətli qocalma problemləri ilə üz-üzə olan ölkənin vəziyyətini daha da ağırlaşdırır.

Xərclərin strukturunda daha çox paya malik olan maddələr sosial istiqamətlər olsa da, sosial vəziyyətin təhlili mənzərinin acınacaqlı olmasından xəbər verir. Sosial xərclərdən sonra daha çox (47 faiz) paya malik olan xərc maddəsi müdafiə xərcləridir ki, bu xərc istiqamətinin payı 16-17 faiz təşkil edir. Bu göstərici Ermənistanda militarizasiyanın güclü olduğunu göstərir. Büdcə kəsirinin həcmi ilə bağlı qanunvericilikdə təsbit edilmiş məqam xüsusilə diqqəti cəlb edir. Bu ölkədə "Büdcə sistemi haqqında" qanunun büdcə kəsiri ilə bağlı bölməsində kəsirin həcminin ÜDM-in 10 faiz nisbətində olmasının məqbul hesab edildiyi göstərilir. Beynəlxalq təcrübədə bu rəqəm 3 faizdən artıq olduğu təqdirdə təhlükəli olması faktı bizə məlumdur. Hətta son fiskal islahatlardan sonra Avropa ölkələrində bu rəqəmin 0,5 faiz-1 faiz arasında dəyişməsi təklifi irəli sürülmüşdür. Ermənistan qanunvericiliyində isə makroiqtisadi tarazlığın pozulması üçün ciddi fəsadlara səbəb olacaq 10 faizlik limit müəyyən edilmişdir. Qanunvericilikdə təsbit edilən kəsirlə bağlı maddə hökumətin gələcəkdə də daha çox borclanması və büdcə kəsirinin artırılması üçün şərait yaradır.

Bu fonda xarici dövlət borcunun səviyyəsinin ÜDM-ə faiz nisbətində 2008-ci illə müqayisədə 19 faiz bəndi artaraq 34,3 faizə çatmış, 2012-ci ilin əvvəlinə bu rəqəm 35,2 faiz, sonuna 37 faiz təşkil etmişdir. Ümumiyyətlə, ölkədə borclanmanın səviyyəsi yüksəkdir. Xüsusilə maliyyə və iqtisadi böhran bu göstəricinin daha da (1,9 dəfə) artmasını şərtləndirmişdir.

SAM-dan verilən məlumatda o da bildirilmişdir ki, Ermənistanda borc böhranı ilə bağlı daha bir fakt 2003-2012-ci illərdə məcmu xarici borcun orta artım tempinin ÜDM-in nominal artım tempini üstələməsidir. Başqa sözlə desək, hökumət sürətlə borclanır ki, bu, qarşıdakı illərdə borcun ÜDM-ə faiz nisbətinin daha da artmasını şərtləndirəcəkdir.

Bu gün Ermənistanda demoqrafiya problemi artaraq daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.

SAM-ın "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatda bu məsələ ilə bağlı qeyd olunur ki, demoqrafik vəziyyət getdikcə işğalçı ölkədə təbii artımın zəiflədiyini və bu göstəricinin aşağı düşdüyünü göstərir. 2012-ci ilin 11 ayında Ermənistanı 71 374 nəfər vətəndaş tərk etmişdir. Son 3 ildə ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5 faizinə (160 min nəfər) bərabərdir. Ölkə üzrə yoxsulluğun səviyyəsi, rəsmi statistikaya görə, 35 faizə bərabərdir. Bu o deməkdir ki, ölkədə 1,2 milyon nəfər yoxsulluq həddindədir. BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxsaq, yoxsulluq həddi 50 faizdən çox olacaq.

Paytaxt Yerevanda 1 milyon 127 min nəfər rəsmi qeydiyyatdadır. Bu insanların 27,5 faizi, rəsmi statistikaya görə, yoxsulluq həddində yaşayır. Hətta 10 əyalətin 7-də yoxsulluq 30 faizdən çoxdur. İki əyalətdə (Lori və Şirak) yoxsulluq səviyyəsi 45 faizdən yüksəkdir. Məhz bu iki əyalətdə də həyat səviyyəsinin pis olması səbəbindən hər min nəfərə düşən insan ölümünün faizi digər rayonlarla müqayisədə çoxdur. Bu isə yoxsulluq probleminin Ermənistan cəmiyyəti üçün hansı fəsadlara səbəb olduğunu göstərir. İqtisadi fəal əhalinin 18-19 faizi (o cümlədən gənclərin 45 faizi) işsiz kimi qeydiyyatdadır.

İşğalçı ölkənin özündə də açıq etiraf edilir ki, ABŞ və Avropa iqtisadiyyatında yaranan çətinliklər yeni dünya böhranına rəvac verərsə, Ermənistan daha böyük sosial-iqtisadi problemlərlə üzləşməli olacaq. Bunu şərtləndirən bir neçə önəmli səbəb var. Əvvəla, son qlobal maliyyə böhranı Ermənistanın onsuz da bərbad olan iqtisadiyyatına böyük zərbə vurmuşdur. Elə bunun nəticəsidir ki, böhranın özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ildən bəri Ermənistanda böyük tənəzzül yaşanır. Ötən müddət ərzində rəqabətə davamlı hər hansı istehsal sahəsinin yaradılmaması, kiçik və orta sahibkarlığın məhvinin astanasına çatması, infrastrukturun yoxluğu da vəziyyəti ağırlaşdıran əsas səbəblər sırasında yer alır. Bununla yanaşı, Ermənistanın xarici investisiyalar üzünə həsrət qalan dövlətlərdən biri olması, iqtisadiyyatının bir neçə məmur oliqarxın əlində cəmləşməsi, inhisarçılığın, korrupsiya və rüşvətxorluğun dərin kök salması da sözügedən ölkəni problemlər məngənəsində boğan əsas faktorlardandır.

SAM-ın "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatda bu məsələyə xüsusi yer verilir. Qeyd olunur ki, Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik hesabatı"nda Ermənistan 144 ölkə arasında 82-ci yerdədir. Deməli, Ermənistan bir çox MDB ölkələrindən geridədir. Son 3 ilin hesabatında Ermənistanda sahibkarlıq qarşısında duran əsas problemlər kimi korrupsiya, qeyri-səmərəli dövlət bürokratiyası, maliyyələşməyə çıxış imkanları, vergi inzibatçılığı göstərilmişdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkə rəqabətqabiliyyətlilik anlayışından çox uzaqdır. Ayrı-ayrı komponentlər üzrə götürdükdə, makroiqtisadi sabitlik üzrə Ermənistan son "Qlobal rəqabətlilik hesabatı"nda 144 ölkə arasında 82, o cümlədən inflyasiya səviyyəsinə görə 105-ci, büdcə kəsirinin ÜDM-ə faiz nisbətinə görə 66-cı, dövlət borcunun həcminin ÜDM-ə faiz nisbətinə görə 57-ci yerdə qərarlaşmışdır. Ermənistan hər üç göstərici üzrə MDB ölkələri sırasında aşağı mövqedə yer alır.

Nüfuzlu "Forbes" jurnalı 2011-ci ildə dünyanın 10 ən pis ölkəsi sırasında Ermənistanı 2-ci yerdə göstərmişdir. Qiymətləndirmə aparılarkən ÜDM-in həcmi, adambaşına ÜDM, inflyasiya və cari əməliyyatlar balansının kəsiri əsas meyar kimi götürülmüşdür.

Yuxarıda qeyd olunan bütün statistik nəticələr, həmçinin aparılan təhlillər onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti kifayət qədər ciddi problemlərlə üz-üzədir. Yaranmış vəziyyət isə nəticədə Ermənistanın bütövlükdə ciddi siyasi böhrana yuvarlandığından xəbər verir.

Elçin Cəfərov,
"Azərbaycan"
www. azerbaijan-news. az/index. php?mod=3&id=20479