Loading...

“Kəlbəcər – virtual səyahət” filmi, “Qarabağın geyimləri” elektron albomu, “Virtual Qarabağ elektron kitabxanası” təqdim olundu

30 noyabr 2016 – cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər – virtual səyahət” 3D qrafik təsvirli filmin, “Qarabağın geyimləri” elektron albomunun, “Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev yeni məhsulların məzmunu və xüsusiyyətləri barədə məlumat verib. N. Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində istehsal olunan "Kəlbəcər-virtual səyahət" 3D qrafiq təsvirli film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsi olan Kəlbəcərin tarixi abidələri, meydanları, qalaları, küçələri, Aşıq Şəmşir adına mədəniyyət evi, Ustad sənətkar aşıq Şəmşirin məzarı, Tarix Diyarşünaslıq müzeyi, şahmat məktəbi, müsəlman və xiristian abidələri qrafik təsviri ilə canlandırılır. Film gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına töhfə verir.

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətində vətənpərvərlik məsələsinə xüsusi diqqət yetirilir. Təqdim olunan elektron məhsullar gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov layihənin rəhbərlərinə və bu sahədə zəhmət çəkən hər bir şəxsə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyi adından təşəkkür və minnətdarlığını ifadə edib.