21 dekabr 2016- cı il tarixdə Bakıda “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və üç dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı onun dünyaya yayılmasını asanlaşdırır.
Sonra filmin nümayişi olub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, hazırda dünyaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki mənbədən informasiya yayılır. Bir tərəfdən ermənilər saxta informasiya yayırlar, digər tərəfdən isə biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Bu layihə Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Lakin bu, mühüm layihə olsa da, yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, daha mükəmməl açıqcalar, bukletlər hazırlanmalıdır və geniş coğrafiyada yayılmalıdır ki, qoy ermənilərin Azərbaycan tarixini necə saxtalaşdırdıqlarını, məhv etdiklərini dünya bilsin. Xaricə gedən dövlət rəsmilərimiz, QHT nümayəndələri, jurnalistlər, gənclərimiz, səfirliklərimizdə çalışan diplomatlar, diasporumuzun üzvləri bu filmin dünyada yayılmasına çalışmalıdırlar.
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Vedibasar və digər tarixi ərazilərdə baş verib. Nazir vurğulayıb ki, bu gün təqdim edilən film elmi araşdırmaların geniş ictimaiyyətə çatdırılmasında uğurlu vasitədir. Azərbaycan xalqı heç vaxt ermənilərin vəhşiliyini unutmayacaq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və gün gələcək biz o torpaqlara qayıdacağıq.
AMEA-nın Tarix İnstitutunun direktoruYaqub Mahmudov vurğulayıb ki, hazırda Azərbaycan gərgin informasiya müharibəsinin əhatəsindədir və biz bu müharibədə qalib gəlməliyik. Bu gün İrəvanda bir məsciddən başqa yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb.
Filmlə bağlı fikirlərini bölüşən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildiriblər ki, bu ekran əsəri xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi və dini abidələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarından bəhs edir və bu gənclərin maarifləndirilməsi, onlara vətənpərvərlik ruhunun aşılanması üçün vacibdir.