Loading...

“Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirildi

21 oktyabr 2015 – ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin “Şərq” zalında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 95 illiyinə həsr olunmuş sərginin açılış və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Dövlət və Hökumət rəsmiləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak etdi.

Sərgini və tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Akademik Nailə Vəlixanlı muzeyin keçdiyi tarixi yol və nailiyyətləri haqqında məlumat verdi. Mərasimdə “Milli Azərbayan Tarixi Muzeyi – 95” kitab - albomu təqdim olundu. Kitabın tərtibatçısı və mətnin müəllifi akademik Nailə Vəlixanlıdır. Akademik Nailə Vəlixanlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq çərçivəsində hazırladığı və təqdim olunan “Virtual Qarabağ Tarixi Muzeyi”nin əhəmiyyətini qeyd etdi.

Layihənin koordinatoru, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təqdim olunan “Virtual Qarabağ Tarixi Muzeyi”nin Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyətini daşıdığını bildirdi. O qeyd etdi ki, belə muzeylər dünyanın müxtəlif tanınmış muzeyləri tərəfindən hazırlanır. Nurəddin Mehdiyev əlavə etdi ki, təqdim olunan muzey internet məkanda Qarabağ həqiqətlərinin yayılmasının inkişafına xidmət edəcək. “

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, Virtual Qarabağ Tarixi Muzeyi”nin layihə rəhbəri Səbuhi Hüseynov muzey haqqında geniş təqdimatla çıxış etdi. O qeyd etdi ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Virtual QarabağTarixi Muzeyi” layihəsinin məqsədi tarixin kütləviləşdirilməsi, müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixini, mədəni irsini özündə əks etdirən eksponatları bir yerdə toplamaq, Qarabağ mədəniyyətini, Qarabağ tarixini gənc nəslin arasında təbliğ etmək, İnternetdə Qarabağın milli dəyərlərinin qorunmasına dəstək vermək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına tövhə vermək, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ermənilərin Azərbaycana qarşı apardığı informasiya müharibəsi ilə mübarizə aparmaq, Vikipediya və digər bu kimi resurlarda Qarabağla bağlı dəqiq, elmi və tarixi məlumat azlığının aradan qaldırılmasına kömək etməkdir. “Virtual Qarabağ Tarixi Muzeyi”ndə Qarabağa dair 32 muzey və şəxsi kolleksiyadan 900 - ə yaxın eksponat toplanmışdır. Bunlardan Milli Azərbaycan Tarixi Muzeyi, Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi, Ağcəbədi rayon Tarix-Diyarşünaslıq muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı, Azərİlmə Xalçaçılıq Mərkəzinin Sehirli ilmələr qalereyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Böyük Britaniyanın Milli Qalereyası, Britaniya kitabxanası (The British Library), Britaniya muzeyi (British Museum), Rusiya Dövlət Ermitajı, Harvard İncəsənət Muzeyləri (Harvard Art Museums), Kanada tekstil muzeyi (Textile Museum of Canada), Tehran Dövlət muzeyini göstərmək olar. “Virtual Qarabağ” İKT mərkəzinin “Virtual Qarabağ Tarixi Muzeyi”ndə müxtəlif mövzular və Qarabağ tarixinin müxtəlif dövrləri üzrə virtual otaqlar da fəaliyyət göstərir. Muzeyin kolleksiyalarında toplanan materiallara sürətli giriş və geniş axtarış sistemi mövcud olacaq - bu haqda layihə rəhbəri Səbuhi Hüseynov məlumat verdi.

“Virtual Qarabağ Tarixi Muzeyi” “Virtual Qarabağ” İKT mərkəzinin www. virtualkarabakh. az portalının server bazasına yüklənərək saxlanılacaq və muzeylə həmin portala daxil olmaqla tanış olmaq olar.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev qeyd etdi ki, günümüzün aktual məsələrindən biri də dünya ictimaiyyətinə Qarabağla bağlı həqiqətləri çatdıra biləcək müxtəlif müasir və yeni standartlara uyğun məhsulların yaradılması, layihələrin işlənilməsidir. Zənnimcə bu gün təqdim olunan “Virtual Qarabağ Tarixi Muzeyi” belə layihələrdəndir. Virtual muzeyin elmi aparaturası var və o Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlmişdir.

Prezident Administrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin sektor müdiri cənab Vüsal Quliyev və digər rəsmi şəxslər və qonaqlar cıxış etdilər.