Loading...
General Həzi Aslanov Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biridir

General Həzi Aslanov Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biridir

22-01-2020

Yanvarın 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyidir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə yanvarın 22-də Şəhidlər xiyabanında adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsi önündə tədbir keçirilib.

Mərasimdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Həzi Aslanovun ailə üzvləri, veteranlar, xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, kursantları, təhsil ocaqlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qəhrəmanın abidəsi önünə əklillər qoyulub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı Həzi Aslanovun şərəfli döyüş yolundan danışıb. O bildirib ki, Həzi Aslanov Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biridir. Qəhrəman generalın döyüş yolunun öyrənilməsi və təbliği gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov general Həzi Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd edib.

Həzi Aslanovun nəvəsi Emin Aslanov göstərilən ehtirama görə ailəsi adından Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.