Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.
BMT Təhlükəsizlik Şurasının dünən keçirilən iclası Ermənistan üçün bu il ən sarsıdıcı məğlubiyyətlərdən biri olub.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi ekspert Turab Rzayev bildirib ki, BMT-dəki iclasa ermənilər çox ciddi hazırlaşırdı.
"Erməni ictimaiyyətinin iclasdan gözləntiləri çox böyük idi. Hətta ermənilər 44 günlük müharibəyə belə hazırlaşmamışdılar. Lakin Ermənistan BMT-də fiaskoya uğradı. Ermənistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı”, - deyə o, bildirib.
Trend.az