Çarizmin Qarabağda üsul-idarəsi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi. Belə bir şəraitdə İbrahim xanın xanlığa keçən oğlu Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Çar hökuməti işğal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə özünə arxa sandığı qriqorianlaşmış və erməniləşmiş albanları - üstün mövqeyə çıxarmağa çalışırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə Rusiya qoşunlarının işğalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V. Q. Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-u ildən Bakı quberniyası) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir. Yuxarıda göstərildiyi kimi, bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa göçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi.
Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A. P. Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan "Təsvir"də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək, burada əhalinin əksəriyyətini yenə də azərbayanlılar təşkil edirdi. "Təsvir"ə görə Qarabağ əyalətində olan 20. 095 ailədən 15. 729-u azərbayanlı (1. 111-i şəhərdə, 14. 618-i kənddə), 4366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3. 945-i kənddə). Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s. ) meydana gəlməyə başlamışdı. (Ermənilər sonralar köçürülmə "şərəfinə" Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşması və erməniləşməsinin başa çatması
Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi yuxarıda qeyd olunduğu kimi, uzun sürən bir tarixi proses olmuşdur:
1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur;
2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;
3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar;
4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərəb xilafətinin işğalları nəticəsində əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun ardınca da erməniləşdirməsı uzun proses oldu.
5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;
6. Rusiyanın regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsini qriqorianlaşdırılmış albanlarının tarixi taleyində dönüş yaratdı. Onların erməniləşdirilməsi son mərhələyə qədəm qoydu;
7. Rus-İran müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və Rus-Türk müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməniləşməsini başa çatdırmışdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edilmişdir. Məhz bundan sonra alban əhalinin erməniləşdirilməsi demək olar ki, başa çatmış sayıla bilər;
8. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökündən əmələ gələn spesifikasını saxlamışdır.
Ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda soyqırım fəaliyyətinin genişlənməsi
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. N. Şavrov məhz buna görə yazırdı (1911- ci il) ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln. -dan çoxu gəlmə idi. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü.
Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Rusiya imperiyasının ayrı-seçkilik siyasəti, çarizmin dəstəyi və məqsədyönlü siyasəti nəticəsində ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdılar. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı. Bütün bunlara baxmayaraq Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinin və onun əlaltıları olan ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq Qarabağ Azərbaycan - müsəlman diyarı kimi inkişaf edirdi.
Beləliklə, Çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli - azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbayana keçdi.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Cənubi Qafqazda yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.
Mənbə: Yaqub Mahmudov, Kərim Şükürov Qarabağ – Real tarix, faktlar, sənədlər. Bakı, 2005