Təbiət
Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən bu rayona Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Tərtər, Şuşa, Xankəndi əraziləri daxildir. Relyefi, əsasən, dağlıqdır. Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun şimal hissəsini Qarabağ silsiləsinin şimal-şərq ətəkləri və Murovdağ silsiləsinin (Kiçik Qafqazın ən yüksək zirvəsi Gamış dağı (3724 m)) cənub yamacları, mərkəzi, qərb və cənub hissələrini Qarabağ silsiləsinin şərq yamacları (Qızqala dağı (2843 m), Qırxqız dağı (2827 m), Böyük Kirs dağı (2725 m)), şimal-şərq və şərq hissəsini Qarabağ və Mil düzənliklərinin qərb kənarları tutur. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Murovdağ və Qarabağ silsilələri Qarabağ və Mil düzlərinə tərəf alçalan bir neçə yan qola ayrılmışdır. Silsilə və onların yan qollarının çaylarla parçalanması nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir. Orta dağlıqda çay dərələrinin genişləndiyi sahələrdə dağarası çökəkliklər vardır. Ərazidə meşələr 187,7 min ha-dır.
Ağdam ərazisinin relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Ərazinin maksimal hündürlüyü 1365 m-ə çatır. Cəbrayıl rayonu, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü) ərazidə yerləşmişdir. Cəbrayıl rayonunun iqlimi cənub hissəsində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlim, şimal hissəsində isə yayı quraq keçən mülayim istidir. Dağ şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Füzuli rayonunun relyefi isə çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqlardan, boz və çəmən-boz, şabalıdı və açıq şabalıdı, dağ şabalıdı, dağ boz-qəhvəyi torpaqlardan ibarətdir. Kür-Araz ovalığının qərb hissəsində yerləşən Tərtər rayonunun səthi düzənlik olub qərbdən şərqə meyilli, iqlimi isə qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Burada, əsasən, şabalıdı, boz və çəmən - boz torpaqlar yayılmışdır.
Geoloji quruluşunda kiçik Qafqazın ikinci dərəcəli tektonik elementlərindən Murovdağ, Qarabağ, Ağdam antiklinoriumları və onları bir-birindən ayıran Torağayçay və Xocavənd sinklinoriumları əsas yer tutur. Antiklinoriumların tağı Orta Yuranın vulkanik süxurları, tağın uzaq qanadları və onları mürəkkəbləşdirən sinklinal strukturlar isə Üst Yuranın əhəngdaşı, Təbaşirin vulkanogen və çökmə süxurlarından təşkil olunmuşdur. Onlar da bəzən intruziyalarla kəsilir.
Düzənliklərdə və çay dərələrinin aşağı hissələrində Antropogen çöküntüləri yayılmışdır. Orta temperatur yanvarda düzən və dağətəyi yerlərdə 2-0. 50 C-yə, yüksək dağlıqda –4; -130 C arasında, iyulda müvafiq olaraq 25-260 və 15-140 C olur. Yüksək dağlıqda illik yağıntı 800-900 mm-dən çox olur. Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Əsas çayları Kür, onun qolları-Tərtər, Xaçın, Qarqar və Araz, onun qolları olan Köndələnçay, Quruçay, Qozluçay və digər çaylardan ibarətdir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.
Torpaq örtüyü. Şabalıdı, açıq şabalıdı, dağ-tünd şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, qaramtıl dağ-çəmən və s. torpaqlar geniş yayılmışdır. Ağdam rayonu ərazisinin torpaqları əsasən şabalıdı, açıq şabalıdı və qəhvəyi dağ-meşə torpaqlarıdır.
Bitki örtüyü. Zəngin bitki örtüyünə malik olan ərazidə 2 000-dən çox bitki növünə rast gəlinir. Düzən yerlərdə yovşan, yovşanlı-şoranotlu yarımsəhra, dağ ətəklərində daşdayan, şibyə, yovşanlı-darağotlu bozqır və yarımbozqır bitkiləri, dağ yamaclarında kolluqlar, enliyarpaqlı meşələr (fıstıq, palıd və s. ) geniş yer tutur. Dəniz səviyyəsindən 2000-2300 m-dən yüksəklikdə subalp və alp çəmənlikləri mövcuddur.
İl ərzindəki günəş parıltısının miqdarı 2000-2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün çox yumşaq (2. 5-00 C), yumşaq (0; -50C) şəraitdə keçir. İsti dövrlərdəki (aprel - oktyabr) mümkün buxarlanma 400-800 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün və az olur. Küləyin orta illik sürəti 2-3 m/san və daha az olur. İqlim kontinentallığı zəif (130-dan az), mülayim (165-ə qədər əmsalla) və orta (205-ə qədər əmsalla) kontinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 150-225 gün, havanın temperaturunun 00C-dən aşağı olan günlərin sayı isə ərazi üzrə 10-100 gün intervalında olub Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam və Tərtərdə 10-50, Xocalı və Xankəndində 20-50, Şuşada isə 50-100 gün təşkil edir. İl ərzində qar örtüyü olan günlərin sayı ərazinin əksər rayonlarında 10-120 gün olur.
Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atlarının süysüyünün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əl darağının çevrəsi 18,3 sm-dir. Əsasən qızılı-kürən və kəhər atlardır. 1946 - cı ildən başlayaraq Ağdam atçılıq zavodunda cinslə damazlıq iş aparılır.
Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir.
“At haqqında kitab” da deyilir ki, müasir don atları qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludur. Qarabağ atları bir sıra beynəlxalq sərgi və müsabiqələrdə fəxri yer tutmuş, mükafatlar və medallar qazanmışdır. Müsabiqələrdə Qarabağ atları “Meymun”, “Toxmax”, “Ağalar”, “Bayram”, “Zaman”, “Qaragözlü”, “Qafqaz gözəli” və s. adlar altında iştirak etmiş və dəfələrlə qalib gəlmişdir.
Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.
Qoruq və yasaqlıqlar
Bəşitçay Dövlət Qoruğu
Bəsitçay Dövlət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaft kompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Onun sahəsi hazırda 107 ha təşkil edir. Qoruq ərazisinin uzunluğu 15 km-ə, eni isə bəzi yerlərdə 150-200 m-ə çatır. Qoruq Ermənistanın meşə fondu ərazisi ilə əhatələnir. Ərazinin 79,4%-ni meşə ilə örtülü sahə 14%-ni seyrək meşəlik təşkil edir. Meşəsiz sahələr isə 6. 5%-dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada günəşli saatların illik cəmi 2200-2500-ə qədərdir. Havanın illik orta temperaturu 13 dərəcə, yanvarda 10 dərəcə, iyulda 250 dərəcəyə qədərdir.
İllik yağıntının miqdarı 600 mm-dir. Qar örtüyü 10-30 sm, bəzi illərdə 70-80 sm-ə çatır. Havanın nisbi rütubəti 60-70%-dir.
Bəşitçayın uzunluqu 44 km, hövzəsinin sahəsi 354 km2-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb Araza tökülür.
Bəşitçay dövlət qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlar da vardır. Burada yunan qozu, dağ-dağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə ,diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda 190 m3 ümumi ərazi üzrə isə 16200 m3-dir. Meşənin illik artımı 1 ha-da 1,22 m3-ə çatır. Burada çinar meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim mədəni meşələrin qalığı kimi baxırlar. (A,A. Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər. (L. Y. Prilinko,Y. S. Səfərova görə).
Bəsitçay meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır. Buradakı çinarların 80%-i pöhrələrlə, 20%-isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 m, diametri 4 m-dir. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdir. Bu pöhrələr də öz növbəsində nəhəng ağaca bənzəyirlər, böyüklərinin 100-150 il yaşı və 40 m-ə qədər hündürlüyü vardır.
Xalqımız-çinar ağaclarını daim yüksək qiymətləndirmiş, onu bitki aləminin fəxri "şah" ağacı hesab etmişdir.
Toz ağacı rus xalqının, ağcaqayın livanlıların bitki aləmi üçün rəmzi məna dəşıyan ağac olduğu kimi, azərbaycanlılar da tarixən çinarı bitki aləmimiz üçün rəmzi məna seçmiş, ona xüsusi rəğbət bəsləmişlər. Buna tam əsasımız vardır. Axı çinar xalqımızın və təbiətimizin vüqarı qədər əzəmətlidir, tarixi qədər qədimdir. Çinarlar təbiətimizin yaraşığıdır, bəzəyidir, fəxridir, istəyidir.
Təəssüf ki, belə bir sərvətimiz 1993-cü ildən erməni işğalçıları tərəfindən məhv edilir, o meşələrə amansız divan tutulur, kəsilib mebel istehsalında istifadə olunur.
Qaragöl Dövlət Qoruğu
Azərbaycan Respublikasının Nazirlər sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə Qaragöl (Sevinc) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qaragöl dövlət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır.
İşıqlı Qaragölü (Sevinc) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük İşıxlı dağının (3548m) şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və kicik İşıxlı (3452m) dağı ilə, şimaldan Canqutaran (2790m) dağ şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir.
Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (süxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.
Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur.
Qoruqda 102 bitki növü və yarım növü vardır ki, bunlar 68 növ və 27 ailədən ibarətdir.
Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.
1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Goruz rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa, onların fəaliyyətlərini məhdudlaşdırırdı. Hazırda nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşıalınmaz neqativ təsirlərə gətirib çıxara bilər.
Laçın Dövlət Yasaqlığı
Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8%-ni təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və uçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır.
Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.
Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Picənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir. Vələsin üstünlük təşkil etdiyi meşələr xeyli azdır (8,1%). Palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, bu da intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir.
Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır.
Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir.
Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porsuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır.
Yasaqlığın ərazisində Hacısamlı meşəsində dünyada ən qiymətli olan qırmızı palıd ağacı (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar hökuməti dövründə fransızlar çətin dağlar ilə Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər. Ancaq sovet hakimiyyəti qurulduğu vaxta düşdüyü üçün material apara bilməmişdilər. Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün istifadə edilir. Bu ağac Azərbaycanda ancaq həmin yasaqlıqda yayılmışdır.
İndi həmin ağacları və başqa meşələri vəhşicəsinə qırırlar.
Qubadlı Yasaqlığı
Qubadlı dövlət yasaqlığı Bəşitçay Dövlət qoruğuna tabe olmaqla, 1969-cu ilin iyununda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Yasaqlıq Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsini əhatə edir, dağ-bozqır sahələrdən ibarətdir. Bu yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə buradakı, cüyür, çöl donuzu, qırqovul, və s. heyvan və quşları qorumaqdır. Qubadlı yasaqlığının sahəsi 20 min hektar olub respublika yasaqlığının 8,2%-ni təşkil edir. Təbii landşaft sahərindən burada seyrək meşəlik, kollluqlar və meşə altından çıxıb bozqırlaşmış sahələr səciyyəlidir. Ərazi alçaq dağlıq sahələrindən yuxarı hissələri əhatə edir. Burada qışı quraq keçən mülayim iqlim tipi hakimdir. Havanın orta illik temperaturu 12-130 dərəcə, yağıntının miqdarı 550-600 mm, buxarlanma isə 750-800 mm təşkil edir. Yanvar ayında orta temperatur 0,50 dərəcə, iyul ayında isə 230 dərəcədir.
Ərazi əsasən qırmızı palıddan və vələs ağaclarından ibarətdir. Eyni zamanda ardıc, yemişan, itburnu, böyürtkən bitkiləri də geniş yayılmışdır.
Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazi işğal olunmamışdan əvvəl apardığımız sayqı-uçot nəticəsində müəyyən olmuşdur ki, yasaqlıqda 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik (560) yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər.
9 ildir ki, bu yasaqlıq işğal altındadır və ermənilər bu xəzinədən vəhşicəsinə istifadə edirlər.
Daşaltı Yasaqlığı
Şuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid “Xan mağarası” təbiət abidəsi vardır.
Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.
Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır. 1992-ci ildən işğal altında olan yasaqlıq hazırda məhv edilir.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
1993-cü ildə tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Sahəsi 2200 hektardır.
Bəşitçay dövlət qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cu ilin iyun ayında yaradılmışdır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır.
Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülaim olan iqlimə malikdir. Orta illik temperaturu 20-250C (yanvarda 10C), iyun-iyul aylarında 35-380C olur. Torpaqı münbit gillidir. Ərazi suya təlabatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şəraiti bitgilərin böyümə və inkişafı üçün normal şərait yaradır.
İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmışdır.
Məlum olmuşdur ki, burada 300 başa dək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 çaqqal, 15 baş canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan: turac, qırqovul, kəklik, bildirçin, yaşılbaş ördək daim məskünlaşmışlar.
Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Çaylar
Azərbaycanın Qarabağ ərazisindən başlayan çaylar əsasən Kür və Araz çaylarına yaxud da onların hövzəsinə aid olan çaylara tökülür. Burada yerləşən dağların uca zirvələri Kür və Araz çay hövzələri arasında suayrıcı təşkil edir. Burada olan çaylar yağış və qar suları ilə qidalanır və suyundan suvarmada istifadə olunur. Tərtər və Həkəri çayları vulkanik yayladan başlayır. Arpaçay (128 km) və Bazarçayın (178 km) mənbələri yaylanın şimal-qərb hissəsindədir. Bu çaylar əsasən yağış, qrunt və yeraltı suları ilə qidalanır. Ona görə də ilin isti yarısında daşırlar. Kiçik Qafqazın cənub-şərq yamacında axan Tərtərçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət kəsb edir.
Tərtər çayı - öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 m-dir. Çayın üzərində Sərsəng su anbarı yaradılmışdır.
Xaçınçay-öz mənbəyini Kəlbəcər rayonundan götürür Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.
Köndələnçay-öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 m-dir.
Bərguşad çayı (Bazarçay)-öz mənbəyini Ermənistan Respublikasından götürür. Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır.
Çayın çirklənməsi çayətrafı ərazilərdə yerləşən iri yaşayış məntəqələrində yaranan (Ermənistan ərazisində) sənaye və məişət-çirkab suları hesabına olur. Çayın zəngin balıq növləri erməni işğalçıları tərəfindən talan olunur. Əksər hallarda balıqların kütləvi şəkildə kimyəvi maddələrlə qırılmasına yol verilir.
Həkəri çayı-öz mənbəyini Laçın rayonunun 3080 m hündürlüyündən götürərək Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla, uzunluğu 128 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2812 m-dir.
Çayın suyundan içmək və suvarma məqsədləri ilə istifadə olunur. Qiymətli farel, kütüm və s. balıqlar bu çayda kürü tökürlər.
Oxçuçay-öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.
Bəsitçay-Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistan Respublikasından götürür. Çayın uzunluğu 44 km – dir (17 km-i Azərbaycan ərazisinə düşür). Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir.
Qarqar çayı-öz mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 m – dir. Əsas qolları – Ballıca, Bədərə, Dağdağan və sairdir.
Çaylaqçay-Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.
Hazırladı:
www. virtualkarabakh. az
Bəsitçay Dövlət qoruğunun materiallarından istifadə olunmuşdur