Loading...
Tehranda Azərbaycan-İran əlaqələri müzakirə olunub

Tehranda Azərbaycan-İran əlaqələri müzakirə olunub

09-03-2019

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Həsən Ruhani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.

Prezident Həsən Ruhani Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Nazir Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik edib. Öz növbəsində, İran Prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirib.

Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.

İran Prezidenti Həsən Ruhani İran ilə Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İranda Azərbaycan ilə əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirib. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidentinin bu ilin 25-26 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran Prezidentinə təqdim edib. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul edib.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran Prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək, dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlığı mühüm qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edilib.