Loading...
Qubadlının işğalından 26 il keçir

Qubadlının işğalından 26 il keçir

31-08-2019

Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 26 il keçir. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular.

AZƏRTAC xəbər verir ki, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət olan 10-dan çox iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşdülər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qorudular. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təkləndi və müdafiəsiz qaldı.

Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu. Yüz nəfərə qədər insan itkin düşdü və girov götürüldü. Yüzlərlə döyüşçü və mülki əhali yaralandı, əlil oldu. Əhalinin yurd-yuvası talandı, 94 kənd və Qubadlı şəhəri yerlə-yeksan edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır. Azərbaycan dövləti Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.