Loading...
İcma sədri:

İcma sədri: "Növbəti səfərimizi təmas xəttinin o üzünə - işğal altında olan tarixi torpaqlarımıza edəcəyik"

03-10-2019

"Biz əgər bu gün bura gəlmişiksə, növbəti səfərimizi təmas xəttinin o üzünə - işğal altında olan tarixi torpaqlarımıza edəcəyik".

 

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, bunu Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Beyləqan və Xocavənd rayonlarına səfər edən Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib.

İcma sədri gəlişinin məqsədini açıqladıqdan sonra işğalçı orduya öz mesajını göndərib:

"Bildiyiniz kimi bizim cəbhə bölgəsinə gəlməmiz Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsinin ildönümünə həsr olunmuş tədbirlə əlaqədardır. Biz bu gün ön cəbhəyə gəlməklə Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağda Ermənistanın əsarəti altında olan cinayətkar rejimə bildiririk ki, biz əgər bu gün bura gəlmişiksə, növbəti səfərimizi təmas xəttinin o üzünə - işğal altında olan tarixi torpaqlarımıza edəcəyik. Həmin gün də uzaqda deyil.

Mənim əsas mesajım cinayətkar xunta rejiminin əsarəti altında olan Qarabağın erməni icmasınadır. Onlar zülümkar rejimin əsarəti altından çıxmalı, əvvəlki kimi Azərbaycanlı icması ilə birgə yaşamağa can atmalıdır".

Mən onlara bir məsələni xatırlatmaq istəyirəm. Onları Azərbaycanın tərkibində, Dağlıq Qarabağda sülh şəraitində yaşamağa nə son qoydu? Təbii ki, şovnist erməni millətçilərinin Azərbaycana ərazi iddiaları və Azərbaycan xalqına qarşı olan təcavüzü bizim birgə yaşayışımıza son verdi. Ona görə də yaxşı olardı ki, Ermənistan hökuməti öz səhvini başa düşüb işğal etdikləri Azərbaycan torpaqlarından qoşunlarını geri çəksin. Və biz yenidən erməni icması ilə yenidən bir yerdə yaşayaq. Lakin onlar bunu başa düşmür. Hər dəfə çağrışlarımıza etinadsız yanaşırlar. Lakin anlamırlar ki biz öz torpaqlarımıza səfər edəcəyik. Çünki Azərbaycan torpaqlarının işğalı uzun sürə bilməz", - deyə qeyd edib Tural Gəncəliyev vurğulayıb.


Ordu.az