Loading...
ABŞ-ın Nyu-Meksiko ştatının Senatı 20 Yanvar faciəsinin 30-cu ildönümünə dair bəyannamə qəbul edib

ABŞ-ın Nyu-Meksiko ştatının Senatı 20 Yanvar faciəsinin 30-cu ildönümünə dair bəyannamə qəbul edib

05-02-2020

ABŞ-ın Nyu-Meksiko ştatının Senatı fevralın 4-də 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı geniş bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, bəyannamədə faciə kəskin şəkildə pislənilərək, azadlıq mübarizəmizin ilk qurbanlarının xatirəsi hörmətlə anılıb.

Qeyd edilib ki, Senatın plenar iclasında qəbul olunan bəyannamə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilib. Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Senatın rəhbərliyinə məktub ünvanlayaraq, bu tarixi bəyannaməyə görə amerikalı senatorlara təşəkkürünü bildirib.

Senatın plenar iclasında oxunan bəyannamədə 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, ancaq iki il sonra bolşevik işğalı nəticəsində müstəqilliyinə son qoyulduğunu və Azərbaycanın 71 il ərzində sovet əsarətində qaldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqının azadlıq arzularını boğmaq üçün 1990-cı il yanvarın 20-də Sovet İttifaqının 26 minlik qoşunu Bakıda mülki əhaliyə qarşı amansız qırğın törədərək, aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla, çox sayda günahsız insanı qətlə yetirib. Vurğulanır ki, bu qətliam azadlıq uğrunda mübarizədə Azərbaycan xalqının qətiyyətini daha da gücləndirərək, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsinə gətirib çıxarıb.

Sənəddə, həmçinin qeyd olunur ki, Azərbaycan hazırda ABŞ-ın regional müttəfiqi və dostudur, Nyu-Meksikoda baş konsul və fəxri konsul vasitəsilə təmsil olunan son illərdə Azərbaycan bu ştat ilə sıx münasibətlər qurub.

Bəyannamənin sonunda vurğulanır ki, Nyu-Meksiko Senatı 20 Yanvar faciəsinin 30-cu ildönümünü, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsinin qurbanlarının xatirəsini hörmətlə anır.

Qeyd edək ki, Azərbaycanın Nyu-Meksikodakı fəxri konsulu Art Makhaffi də plenar iclasda iştirak edib. Bəyannamə senator Ortiz i Pino tərəfindən fəxri konsula təqdim olunub.

azertag.az