Loading...
Ermənistan MTX-nın eks-direktoru ilə Paşinyanın xanımı qarşı-qarşıya

Ermənistan MTX-nın eks-direktoru ilə Paşinyanın xanımı qarşı-qarşıya

05-02-2020

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Baş Nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyana məxsus “Aykakan jamanak” qəzetinə qarşı iddia qaldırıb.

“Qafqazinfo”nun xəbərinə görə, Vanetsyanın vəkili Lusin Saakyan bildirib ki, iddia yaxın günlərdə məhkəməyə göndəriləcək.

Bildirilir ki, yanvarın 12-də sözügedən hökumətyönlü mətbu orqanda “Şərəfim var, yoxsa yoxdur? Mişik, Artur, Arik” başlığı altında yazı dərc edilib. Yanvarın 23-də isə MTX-nın sabiq rəhbərinin vəkilləri həmin materialın böhtan, yalan və absurd məlumatları ehtiva etdiyini bildirərək qəzetin təkziblə çıxış etməsini istəyiblər.

Fevralın 4-də Vanetsyanın vəkillərinin aldıqları mesajda qəzetin direkoru tələbdə hansı ifadələrin böhtan xarakterli olduğunu və hüquqlarını pozduğunu göstərmədiyini bildirib. Lusin Sahakyan öz feysbuk səhifəsində bu mesajı əlavə şərh etməyin vaxt itkisi olduğunu və mülki iddia hazırladıqlarını qeyd edib.

Bu məqamda bildirək ki, “Şərəfim var, yoxsa yoxdur? Mişik, Artur, Arik” başlıqlı yazıda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın hökumət başçısının ailəsinə qarşı təşkilatlandığı və mətbuat kampaniyası apardığı iddia olunub.

Xatırladaq ki, A. Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırıb. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi indiyə qədər sual olaraq qalıb.

aqreqator.az