Loading...
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasının seçicilərinə müraciət edib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasının seçicilərinə müraciət edib

06-02-2020

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasının seçicilərinə müraciət edib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq ölkəmizin seçki hüququna malik bütün vətəndaşları üçün səsvermədə öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaradılıb. Hər bir namizəd Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun yaranmış bərabər imkanlardan istifadə edərək, öz təbliğat kampaniyasını aparır. Hər bir namizədin apardığı kampaniyanı sosial media vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.

Təəssüflər olsun ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarmızı işğal etməsi azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqla yanaşı, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni sakinlərini də sözügedən seçkilərdə səsvermə hüququnu birbaşa həyata keçirmək imkanından məhrum edib.

Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 7 seçki dairəsinin ərazisi tamamilə, 3 seçki dairəsinin ərazisinin isə bir hissəsi işğal altındadır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz işğal altında olan Xankəndi və Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairələrinə mənsub olan erməni seçicilərə müraciət edərək, onları Milli Məclisə keçirilən seçkilərdə müvafiq dairələrdə qeydiyyatdan keçmiş namizədlər arasından seçim etməyə və deputatlığa namizəd şəxslərlə bağlı öz münasibətlərini bildirməyə çağırırıq”.