Loading...
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib

01-06-2020

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.

Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevrlər həyata keçirməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər. Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri zərərsizləşdirilib.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.