Loading...
Azərbaycan Müdafiə Nazirliyi: David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi “konsepsiya” absurddur

Azərbaycan Müdafiə Nazirliyi: David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi “konsepsiya” absurddur

10-06-2020

David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi “konsepsiya” absurddur.

Bunu Ermənistan müdafiə naziri David Tonoyanın işğalçı ölkənin ordu quruculuğu konsepsiyasına dair çıxışı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Ermənistan müdafiə naziri David Tonoyanın “ordu quruculuğu konsepsiyasına dair” fikirlərinə münasibət bildirərkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, son günlər Ermənistanda yüksək vəzifəli hərbçilərin tutduqları postlardan azad edilməsi fonunda onun öz kreslosunu qoruyub saxlamaq üçün atdığı populist addımdır. Xarici dövlət borcunun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və “marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur. Belə ki, D.Tonoyanın səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan vermir.

“Ermənistanın müdafiə nazirinin daxili auditoriyaya ünvanlanmış bu fikirləri müxtəlif xarici hərbi-strateji əsərlərdən götürülmüş nəzəri fərziyyələrdən başqa bir şey deyil.

D.Tonoyanın çıxışında diqqət çəkən məqamlardan biri isə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda, qoşunların təmas xəttində yerləşdirilməsi barədə etirafıdır ki, bu da Ermənistanın işğalçı ölkə olduğunu bir daha rəsmi şəkildə təsdiq edir”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.