Loading...
Ermənistanın işğalçılıq siyasəti Avropa Parlamentində etiraf olunur

Ermənistanın işğalçılıq siyasəti Avropa Parlamentində etiraf olunur

16-06-2020

Avropa Parlamentinin təmsilçiləri işğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın işğal altında olan digər rayonlarından keçməklə Ermənistana yeni avtomobil yolunun çəkilişini tənqid ediblər. Onlar bəyanat yayaraq yolun çəkilişinə sərt etirazlarını bildiriblər. Bu bəyanat Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinin artıq beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılandığının, etiraf olunduğunun göstəricisidir.

AZƏRTAC Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun bu mövzu ətrafında qeydlərini təqdim edir.

Cənubi Qafqazın aparıcı dövləti, qlobal enerji təhlükəsizliyi məsələlərində söz sahibi, kosmik klubun üzvü, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi tranzit qovşağı və sair… Bütün bunlar müstəqilliyinin bərpasının üçüncü onilliyini yaşayan Azərbaycan dövlətinin qısa zaman kəsiyində nail olduğu möhtəşəm uğurların, siyasi-iqtisadi yüksəlişinin nümunələridir. Təsadüfi deyil ki, bu yüksəliş Azərbaycanı həm də öz tarixinin ən qüdrətli dövləti kimi təqdim etməyə imkan verir.

Azərbaycan bölgənin aparıcı dövlətidir

Əlbəttə ki, bu sadalananlar dövlətimizin bu gününü xarakterizə edən uğurların sadəcə bir qismidir. Bu inkişaf yolunun əsası 27-ci ili tamam olan 15 iyun - Milli Qurtuluş Günündən başlayır. Müasir tariximizə məhv olmaqdan yüksəlişə, parçalanmaqdan güclü dövlətçiliyə, tənəzzüldən inkişafa, anarxiyadan sabitliyə doğru dönüş nöqtəsi kimi daxil olan həmin gündən xalqımızın dahi oğlu Heydər Əliyev öz xilaskarlıq missiyasına başlayaraq, indi hər birimizin haqlı olaraq gücü, qüdrəti və əsl müstəqilliyi ilə fəxr etdiyimiz müasir Azərbaycan dövlətinin əsasını qoydu.

Bu gün Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla gələcəyə doğru irəliləyir. Ötən 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir nailiyyət təsdiq edir ki, bu yolun, bu siyasətin alternativi yoxdur.

Hazırda Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, siyasi çəkisinə görə də yerləşdiyi bölgənin aparıcı dövləti olması təsdiqləyir ki, yürüdülən siyasətin həqiqətən alternativi yoxdur. Bütün bu reallıqlar həm də Azərbaycanın qlobal səviyyədə söz sahibi, beynəlxalq münasibətlər sistemində özünün konkret və qətiyyətli mövqeyi olan dövlətlərdən biri kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın tam müstəqil siyasət yürütməsi, öz siyasi kursunu kənar siyasi diktələrdən asılı olmadan müəyyən etməsi bütün xarici siyasi-iqtisadi mərkəzlərin qəbul və etiraf etdiyi tarixi həqiqətdir.

Təbii ki, bütün bunlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində, aparılan sülh danışıqlarında Azərbaycanın üstün mövqeyinin təmin olunmasına xidmət edən mühüm siyasi uğurlar kimi də çıxış edir. Bu gün Azərbaycanın yeganə problemi torpaqlarımızın bir qisminin Ermənistanın işğalı altında olmasıdır. Hələlik rəsmi Bakı sülh danışıqları ilə problemin ədalətli həllinə çalışır.

Bu prosesdə görünən odur ki, artıq Ermənistanın və dünya ermənilərinin yalan və saxta iddiaları əvvəllər olduğu kimi, beynəlxalq səviyyədə ciddi dəstək qazanmır. Çünki Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası və Azərbaycanın daha güclü dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi dünya çapında erməni yalanlarına böyük zərbə vurub.

Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərindən və daha sonra N.Paşinyanın Ermənistanda baş nazir kürsüsünə əyləşməsindən sonra daha aydın hiss olundu. Belə ki, Azərbaycanın qələbəsi ilə yekunlaşan Aprel döyüşlərində Ermənistan beynəlxalq səviyyədə dəstək qazana bilmədi və həmin il mayın 16-da Vyanada Prezident İlham Əliyevlə Ermənistanın sabiq prezidenti S.Sarkisyan arasında keçirilən danışıqlarda işğalçı tərəfin pərt vəziyyətə düşdüyü, danışıqlarda psixoloji üstünlüyün Azərbaycanın tərəfinə keçdiyi, ən əsası rəsmi Bakının öz şərtlərini diktə etdiyi aydın görünürdü. Həmsədrlərin də aprel hadisələrindən sonra status-kvonun dəyişməsinin labüdlüyünü daha tez-tez səsləndirməyə başlamaları Azərbaycanın danışıqlardakı üstün mövqeyinin təsdiqi idi.

Rəsmi Bakının diplomatik üstünlüyü

2018-ci ilin mayında baş nazir vəzifəsinə gələn N.Paşinyan ölkəsinin Azərbaycan qarşısındakı mövqelərinin zəif olduğunu anlayaraq danışıqlar formatından imtinaya cəhd etdi. Belə ki, hakimiyyət dəyişikliyindən sonra Paşinyan münaqişənin həlli ilə bağlı mövcud danışıqlar prosesinin ziddinə olan bəyanatlar verməyə başlamışdı. Siyasi təcrübəsizliyi səbəbindən hətta onun atdığı addımlarla verdiyi bəyanatlar arasında ciddi ziddiyyətlər yaranmışdı. Əsas ziddiyyətli məqam isə Ermənistan tərəfinin danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin müzakirələrə cəlb edilməsi təşəbbüsü idi. Bu, Ermənistanın yeni rəhbərliyinin məqsədyönlü şəkildə bütün danışıqların əngəllənməsinə və iflic halına salınmasına gətirib çıxarmaq cəhdindən başqa bir şey deyildi.

Lakin prosesin formatının dəyişdirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin tələbləri ilk gündən beynəlxalq dəstək qazanmadı. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr formatın dəyişdirilməsi barədə təklifi yaxına belə buraxmadılar. Avropa İttifaqı rəsmiləri də formatın dəyişdirilməsinə etiraz etdilər. Yaxşı xatırlayırıq ki, ötən il martın əvvəllərində Brüsseldə N.Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han Ermənistan baş nazirinin fikirləri ilə razılaşmayaraq, münaqişənin nizamlanması üzrə mövcud danışıqlar formatının saxlanılmasının vacibliyini vurğuladı. Nəticədə işğalçı rejim əvvəlki formatda danışıqlar masasına qayıtmaq məcburiyyətində qaldı.

Ötən il martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və N.Paşinyan arasında keçirilən görüşdən sonra Ermənistanın yeni rəhbərliyinin yersiz tələb və iddialarına son qoyuldu və beləliklə formatın əvvəlki kimi saxlanılması Azərbaycanın danışıqlardakı diplomatik üstünlüyü oldu.

Dünya erməni yalanlarına artıq inanmır

Bu yerdə haşiyə çıxaraq Ermənistanın və dünya ermənilərinin əzəli Azərbaycan torpaqları olan işğal olunmuş Dağlıq Qarabağın və həmçinin ətraf rayonların ilhaqına beynəlxalq dəstək qazanmaq üçün onilliklərdir həyata keçirdiyi təbliğatın artıq iflasa uğramaqda olduğuna dair başqa bir faktı qeyd etmək istəyirəm.

Məlum olduğu kimi, 2018-ci ilin payızında Fransanın Alforvil, Valas, Sent-Etyen və Arnuvill şəhərlərinin bələdiyyə başçıları Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdilər. Bu səfərlər ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması demək idi. Çünki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarıdır. Ona görə bu ərazilərə səfər edərək separatçı rejim nümayəndələri ilə görüşən fransalı bələdiyyə rəhbərləri beynəlxalq hüququn normalarını kobud şəkildə tapdalamış, həm də Azərbaycan-Fransa siyasi münasibətlərinə zidd olan hərəkətlərə yol vermişdilər. Bu səfərlər əvvəlcədən məqsədyönlü və planlaşdırılmış şəkildə həyata keçirilmişdi. Belə ki, səfərlər zamanı bələdiyyələrin rəhbərlərini Fransa Milli Assambleyasının sabiq deputatı, Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransua Poşbluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejim ilə “dostluq dərnəyi”nin üzvlərinin müşayiət etmələri göstərirdi ki, məqsəd Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin düşünülmüş formada təşviqidir. Bu mənada Fransa bələdiyyə başçılarının səfərləri işğalın və azərbaycanlıların etnik təmizlənməsinə əsaslanan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribat idi.

Bu səfərlərdə iştirak edənlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı şəhər və rayonların qondarma yerli hakimiyyətləri ilə “dostluq xartiyalarını” imzalamaları isə o demək idi ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir və dəstəkləyirlər. Bu, özü-özlüyündə cinayət idi. Ən əsası həmin “sənədlər” heç bir hüquqi qüvvə daşımırdı.

Lakin Azərbaycan dövlətinin uğurlu diplomatiyası nəticəsində həmin bələdiyyələrin Dağlıq Qarabağın separatçı rejimi ilə imzaladıqları “xartiyalar” elə Fransa məhkəmələri tərəfindən ləğv edildi. Bu işdə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri zamanı apardığı danışıqlar, belə hadisələrin Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd olmasını bu ölkənin siyasi rəhbərliyinin diqqətinə çatdırması əsas rolu oynadı. Təsadüfi deyil ki, erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident E.Makron da bu tipli xartiyaların imzalanmasını və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını ölkəsinin dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa zidd olduğunu bildirmişdi. Beləliklə, bu hadisə Azərbaycanın Ermənistana, dünya ermənilərinə və erməni təəssübkeşlərinə vurduğu növbəti diplomatik zərbə oldu.

Azərbaycan həm də hərbi üstünlüyə malikdir

Danışıqlar prosesində Azərbaycan Ermənistanı siyasi küncə sıxışdırıb. Eləcə də hərbi baxımdan Azərbaycanın Ermənistan üzərində aşkar üstünlüyə malik olması faktdır. Aprel döyüşləri bunun təsdiqidir. Bəli, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir.

Rəsmi Bakı bunu heç vaxt gizlətmir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması üçün inkişaf etmiş hərbi sənayesi olan dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirir. Ən əsası odur ki, döyüş imkanlarının artırılmasında keyfiyyətə xüsusi üstünlük verir. Təsadüfi deyil ki, ordumuzun arsenalına müasir hərb sənayesinin ən son texnologiyaları cəlb olunub və bununla da Azərbaycan Silahlı Qüvvələri modern hərbi gücə çevrilib. Hədəfləri uzaqdan ən yüksək dəqiqliklə məhv edən yaylım atəş sistemləri, müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket və zenit-raket kompleksləri, minaatan kompleksləri, ağır od atan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz döyüş imkanlarını əhəmiyyətli dərəcədə yüksəltməyə və müasir tələblər səviyyəsinə çatdırmağa imkan verib. O cümlədən dünyada ən qabaqcıl hava hücumundan müdafiə sistemi hava məkanımızı etibarlı şəkildə nəzarətdə saxlayır.

Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların tərtib etdikləri reytinq cədvəlində Azərbaycan hərbi qüdrəti baxımından Ermənistanı xeyli qabaqlayır.

Dağlıq Qarabağın və ətraf rayonların işğalının Avropa İttifaqı strukturlarında tanınmasının təsdiqi

Aprel döyüşlərindən və Naxçıvandakı Günnüt zəfərindən sonra ordumuz cəbhə xəttində strateji üstünlüyünü artırıb. Xüsusən Naxçıvandan Yerevan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarətin təmin edilməsi mühüm hadisədir və bu, Ermənistanın siyasi-hərbi dairələri tərəfindən xüsusilə narahatlıqla qarşılanır. Elə buna görə də Ermənistan yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə yol infrastrukturu baxımından zəif nöqtələrini gücləndirməyə çalışır. İşğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın işğal altında olan digər rayonlarından keçməklə Ermənistana yeni avtomobil yolunun çəkilməsi də erməni tərəfinin narahatçılığının göstəricisidir.

Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı dövlət tərəfindən Azərbaycanın işğal olunmuş bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Bu, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti ilə bağlı ilk fakt deyil. Ən əsası odur ki, artıq Ermənistanın bu əməlləri beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılanır. Bu günlərdə Avropa Parlamenti təmsilçilərinin bu yolun çəkilişini tənqid etmələri, bəyanat yayaraq sərt etirazlarını bildirmələri də göstərir ki, erməni yalanları artıq beynəlxalq səviyyədə əvvəlki kimi qəbul olunmur.

Bəyanatın müəllifləri Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskudur. Onların Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatında deyilir: “Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq”.

Bu bəyanat Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi ilə uzlaşaraq Avropa Parlamenti təmsilçilərinin məsələyə ədalətli yanaşmasıdır. Belə ki, məlum həqiqətlərə Avropa Parlamenti səviyyəsində yenidən işıq salan bəyanat ilk növbədə Dağlıq Qarabağın məhz Ermənistan tərəfindən işğal edilmiş region olduğunu Avropa İttifaqı strukturlarında daha artıq dərəcədə tanınmasının növbəti təsdiqidir. Bəyanatda “Yeni infrastruktur yolu, həmçinin işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Ermənistandakı Qafanı Dağlıq Qarabağdakı Hadrut ilə birləşdirəcək” ifadəsinin yer alması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki bu ifadədən çıxan nəticə işğal faktının Dağlıq Qarabağın özünə də şamil edilməsidir ki, bu da Dağlıq Qarabağın statusunun işğal olunmuş ətraf rayonlardan fərqli olduğunu iddia edən Ermənistanın mövqeyinə vurulan böyük zərbədir.

Xüsusilə qeyd etmək lazımdır ki, bəyanatın müəllifləri ikibaşlı və quru ifadələrdən uzaq olmaqla, hadisələrə tamamilə real və doğru yanaşıblar. Görünən odur ki, aparıcı Avropa təsisatları özlərində güc tapıb işğal faktını etiraf edə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyə bilərlər. Bu mənada bəyanatın vaxtilə Azərbaycana qarşı ədalətsiz qərarlar qəbul edən Avropa Parlamentinin təmsilçiləri tərəfindən verilməsi olduqca təqdirəlayiqdir. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və Avropa Şurası bundan dərs götürməli, ikili standartlar mövqeyindən əl çəkməli və münaqişənin həllində ədalətli mövqe ortaya qoymalıdır. Çünki ayrı-ayrı dövlətlərin ərazi bütövlüyünün pozulmasına etinasız münasibət göstərilməsi, o cümlədən separatçı qüvvələrə münasibətdə ikili standartlardan yanaşılması Avropanın elə öz başında çatlayır. Belə ki, İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin aydın təzahürü idi. Lakin İspaniyadan fərqli olaraq Dağlıq Qarabağın işğalına və burada işğalçı rejimin yaradılmasına bütün Avropa təsisatları səviyyəsində ədalətli yanaşma yoxdur. Avropanın sabitliyi və təhlükəsizliyi isə ilk növbədə bütün bu cür hadisələrə, dövlətlərin ərazi bütövlüyünün təmin olunmasına ədalətli mövqenin ortaya qoyulmasından keçir. Çünki əks-təqdirdə sülhün və təhlükəsizliyin pozulmasına yönəlik yeni presedentlərin meydana çıxması qaçılmazdır.

Onu da qeyd etmək istərdim ki, danışıqların nəticəsiz qalacağı və döyüş əməliyyatları yenidən alovlanacağı təqdirdə Dağlıq Qarabağı Ermənistanla birləşdirən magistral yollardan istifadə etmək Ermənistana qismət olmayacaq. Çünki Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinin istifadəsində olan istənilən yol infrastrukturunu məhv etmək gücündədir. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı bəyanatında deyilir: "Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.

Güclənən Azərbaycan və tənəzzüldən çıxa bilməyən Ermənistan

Bu arada Ermənistanda baş verən hakimiyyətdaxili proseslər işğalçı ölkədə sivil siyasi münasibətlərin hələ də formalaşmadığını, idarəçilikdə əvvəlki iqtidarların dövründə olduğu kimi, mafioz qayda-qanunların hökm sürdüyünü göstərir. Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Xidməti rəhbərinin, silahlı qüvvələrin baş qərargah rəisinin və ölkənin polis rəisinin vəzifələrindən uzaqlaşdırılmaları Paşinyanın elə öz komandası ilə dərin ziddiyyətlərinin olduğunu təsdiqlədi. Ümumiyyətlə, erməni cəmiyyətində baş nazir Paşinyana olan ümidlər artıq puça çıxıb. Vaxtilə o, ölkədə köklü dəyişikliklərin baş verəcəyini vəd etsə də, ötən iki ildə Ermənistan faktiki olaraq inkişafdan geri qalıb və vətəndaşların xarici ölkələrə miqrasiyası artıb.

Ermənistanda koronavirus pandemiyasının sürətlə yayılması isə Paşinyanın mövqelərini daha da sarsıdıb. Ermənistanın baş naziri virusun sürətlə yayılma səbəbini əvvəlki iqtidarların dövründə səhiyyə sisteminin inkişafına diqqət yetirilməməsi ilə əlaqələndirməyə çalışsa da, erməniləri buna inandıra bilməyib. Bu günlərdə Paşinyanın potensial rəqibi olan “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Q.Tsarukyanın və tərəfdarlarının saxlanılması isə Ermənistanda siyasi ziddiyyətləri yeni mərhələyə yüksəldib.

Beləliklə, Cənubi Qafqaz ölkələrinin vəziyyətindən söz açarkən Azərbaycanın yüksəlişi, Ermənistanın isə daxili ziddiyyətlər burulğanından çıxa bilməməsi bölgənin əsas siyasi reallıqları kimi nəzərdən keçirilir. Güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan və küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan - regionun reallığı budur. Azərbaycanın yolu dəqiq, aydın və işıqlıdır. Ermənistanın isə siyasi, sosial-iqtisadi və demoqrafik problemlər, ən əsası işğalçılıq siyasətindən əl çəkə bilməməsi səbəbindən gələcəyi qaranlıqdır. Azərbaycan öz aparıcı mövqeyi ilə Ermənistanı bütün kommunikasiyalardan kənarda saxlayıb. Bölgənin inkişafına xidmət edən beynəlxalq tranzit yollar, enerji layihələri işğalçı ölkədən yan keçir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb. Bu siyasətin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil.

Azertac.az