Loading...
 Türkiyənin müdafiə naziri: “Ermənistan hərbi cinayətlər törədir”

Türkiyənin müdafiə naziri: “Ermənistan hərbi cinayətlər törədir”

05-10-2020

Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növlərinin komandanları və müdafiə nazirinin müavinlərinin də iştirakı ilə videokonfrans formatında toplantı keçirib. Virtualaz.org Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Qarabağda gedən hərbi əməliyyatlar da müzakirə olunub. Hulusi Akar Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan Ermənistanın hərbi cinayətlər törətdiyini bildirib və bu ölkəni dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb.“Ermənistan Qarabağda qəhrəman Azərbaycan ordusu qarşısında məğlubiyyətə uğrayanda əvvəlcə qara piara əl atdı, amma onların iddialarının hamısının yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi isə barbarcasına, terrorçulara xas tərzdə mülki insanların yaşadıqları yerləri atəş altına alır, nəticədə bu yaşayış məntəqələrinə böyük ziyan vurur, dinc insanlar öldürülür. Ermənistan mülki şəxsləri bu cür hədəfə almaqla şübhəsiz ki, müharibə cinayəti törədir.  Bunun hər kəs tərəfindən belə görülməsi lazımdır. Uşaq, qadın, yaşlı demədən günahsız insanları hədəf alan Ermənistan rəhbərliyi mütləq insanlıq qarşısında cavab verəcək. Ermənistan daha çox hərbi cinayətlər törətmədən işğal altında saxladığı torpaqları dərhal boşaltmalı, terror təşkilatları ilə iş birliyinə son verməli, bölgəyə gətirdiyi muzdlu əsgərləri, terror təşkilatı mənsublarını dərhal uzaqlaşdırmalı, habelə 30 ildir Azərbaycan torpaqlarının işğalına göz yumanlar Ermənistanın bu üzünü də görməli və ondan işğal etdiyi torpaqları dərhal boşaltmasını tələb etməlidir”,-Türkiyənin müdafiə naziri bəyan edib.

virtualaz.org