Loading...
Ərdoğan: Rusiya və Fransa Ermənistanı silahlandırır...

Ərdoğan: Rusiya və Fransa Ermənistanı silahlandırır...

14-10-2020

"Türkiyə Azərbaycana əlindən gələn yardımı etməyə hazır olduğunu gizlətmir, amma niyə heç kim ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər tərəfindən Ermənistana dəstək verilməsi məsələsini qaldırmır? Yerevan Rusiya və Fransadan silah alır, lakin nədənsə bu mövzunu heç kim müzakirə etmir".

Virtualaz.org "Anadolu" agentliyinə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri yenə də Ermənistan-Azərbaycan münaqişəsinin həllini uzatmağa çalışırlar.

"Uğursuz danışıqlar 30 ildir davam edir. Azərbaycan xalqının səbr kasası dolub. Bu gün Azərbaycan xalqı tarixi torpaqlarını işğaldan azad etmək üçün fəal mübarizə aparır. 30 il ərzində Azərbaycan torpaqlarında hüquqsuzluğa məhəl qoyanlardan ədalət gözləmək mənasızdır", - deyə Ərdoğan bildirib.

Türkiyənin dövlət başçısı Suriya müxalifətinin mötədil döyüşçülərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı iddiaları təkzib edib.

"Ankaranın belə planları yoxdur və olmayıb. Biz qardaş Azərbaycana əlimizdən gələn köməyi etməyə hazırıq. Suriyalı döyüşçülərə gəlincə, onların öz torpaqlarında da çoxlu işləri var. Onların Cənubi Qafqaza getmələrinə zərurət yoxdur", - deyə Ərdoğan vurğulayıb.