Loading...
Rusiya sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü

Rusiya sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü

11-11-2020

Ermənistan və Azərbaycan Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarını dayandırıb, iki ölkə silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə dayandırılıblar. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Əməliyyat İdarəsinin rəisi, general Sergey Rudskoy bildirib.

“Hazırda döyüş əməliyyatları hər iki tərəfdən dayandırılıb. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri tutduqları hüdudlarda dayandırılıblar. Əldə edilmiş razılaşmanın yerinə yetirilməsi üçün Laçın dəhlizinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yeridilib. Sülhməramlı qüvvələr hazırda Laçın dəhlizini və yolun Laçın-Lisaqor sovxozu (Turşsu) hissəsini müvəqqəti müşahidə postları yaratmaqla nəzarətə götürüb”,-general bildirib.

Onun sözlərinə görə, 15-ci əlahiddə briqadanın birinci sülhməramlı batalyonunun bölmələri Erebuni aerodromunda boşaldıldıqdan sonra üç yüz kilometrlik yürüş həyata keçiriblər və Gorus ərazisində toplaşmağı başa çatdırıblar.

Rudskoy deyib ki, Qarabağda sülhməramlı əməliyyatların yerinə yetirilməsində ordu aviasiyası və pilotsuz uçan komplekslər də tətbiq ediləcək. O, Qarabağa yeridilən kontingentin Suriyada təcrübə topladığını da bildirib.

Rudskoyun sözlərinə görə, Qarabağ münaqişəsi zonasına yeridilən Rusiya hərbçiləri insidentlərin qarşısının alınması, sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa rabitə kanalı yaradıblar.

Virtualaz.org