Loading...
Xarici jurnalistlər ermənilərin Füzuli şəhərində törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər

Xarici jurnalistlər ermənilərin Füzuli şəhərində törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər

19-11-2020

Noyabrın 18-də bir qrup yerli və xarici jurnalist Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlər Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Jurnalistlərə məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Səfərdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərlidir o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan. Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir rayon, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib ki, Azərbaycan Füzuli şəhərinə yenidən həyat gətirəcək. İşğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Füzuli şəhərindən yenə də gülüş və sevinc səsləri eşidiləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək.

Prezidentin köməkçisi qeyd edib ki, Füzuli, eyni zamanda, Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon idi. Burada olan maddi-mədəniyyət abidələri də erməni vandalizmi nəticəsində tamamilə darmadağın edilib. Bugünkü səfər zamanı beynəlxalq media nümayəndələrinin Füzuli şəhərindəki tarixi abidələrimizə, məscidlərimizə də baş çəkmək imkanı oldu. Burada orta əsrin memarlıq inciləri olan hamam kompleksləri var idi. Mədəniyyət Nazirliyində bütün bu abidələrin inventarı var. İnventar üzrə onların hər birinin qiymətləndirilməsi aparılacaq. Ali Baş Komandanın dediyi kimi, işğal olunmuş ərazilərimizdəki bütün bu maddi-mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Ermənistan bu cür əməllərinə görə beynəlxalq hüquq və humanitar hüquq əsasında məsuliyyət daşıyır. Ermənistan uzun illər bu məsuliyyətini gizlətməyə çalışırdı. Amma bu məsuliyyətdən heç yerə qaça bilməz. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlar atacaq.

Hikmət Hacıyev vurğulayıb ki, bugünkü səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. Sonra bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

“İşğaldan azad edilmiş torpaqlarımızda olduğumuz üçün qürur hissi keçiririk. Bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza minnətdarıq. Əsgər və zabitlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq”, - deyə Prezidentin köməkçisi bildirib.

Ermənilərin Füzuli şəhərini darmadağın etdiyini söyləyən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib ki, erməni terroru nəticəsində rayonun 105 min əhalisi pərən-pərən düşüb: “Gördüyünüz kimi Füzulidə yararlı bina qalmayıb. İctimai binalar, evlər, zavodlar, fabriklər, məktəblər, uşaq bağçaları yerlə-yeksan edilib. Ali Baş Komandanın dediyi kimi, Füzulinin gözəlliyi yenidən bərpa olunacaq, şəhər qurulub tikiləcək. İnanırıq ki, xarici ölkələrin media nümayəndələri erməni vəhşiliyini bütün dünyaya çatdıracaqlar”.

Öz evinin qarşısında dayandığını söyləyən Füzuli şəhər sakini Şadiyyə Qəhramanova Müzəffər Ali Baş Komandana, əsgərlərimizə, şəhidlərimizin analarına dərin təşəkkürünü və minnətdarlığını bildirərək deyib: “Otuz ilə yaxın bir müddət keçdikdən sonra yenə mən öz həyətimi, uçuq divarları olsa da, öz evimi görürəm. Media təmsilçilərindən xahiş edirəm ki, bizim haqq işimizi dünya ictimaiyyətinə çatdırsınlar”.

Füzuli şəhər sakini Vəliyev Vaqif deyib: “Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki işğaldan azad olunmuş Füzuli şəhərində evlərimizi görürük. Prezident İlham Əliyev bizim qürurumuzu özümüzə qaytardı. Prezidentimizin dediyi kimi, hər şey öz yerini alacaq, bütün binalar bərpa olunacaq. Mən Ali Baş Komandana və Azərbaycan Ordusuna füzulililər adından minnətdarlığımı bildirirəm. Eşq olsun Ali Baş Komandana, Azərbaycan Ordusuna!”.