Loading...
Qaradağlı faciəsindən 29 il ötür

Qaradağlı faciəsindən 29 il ötür

17-02-2021

Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur.

 Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstlərini torpaqlayblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib.

İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırım: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı garadaghli.org internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

Virtualaz.org