Loading...
Ermənistanda “İsgəndər” qiyamı: müxalifət hamını Azadlıq meydanına çağırdı

Ermənistanda “İsgəndər” qiyamı: müxalifət hamını Azadlıq meydanına çağırdı

25-02-2021

Ermənistanda Vazgen Manukyanın başçılıq etdiyi “Vətənin xilası naminə hərəkat” Silahlı Qüvvələrin Baş qərargahının Nikol Paşinyanı dərhal istefaya çağıran bəyanatını alqışlayır və bütün tərəfdarlarını saat 15.00-da Yerevanın Azadlıq meydanına çağırır.

Hərəkat bildirib ki, orduya dəstək və Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması işini sona çatdırmaq üçün hamı meydana toplaşmalıdır.

Bundan əvvəl Paşinyan öz tərəfdarlarını meydana çıxarıb və onların qarşısında çıxış edərək hərbi çevriliş cəhdinin qarşısının alındığını, Baş qərargah rəisinin vəzifəsindən uzaqlaşdırıldığını bildirib. Paşinyan tərəfdarlarının yürüşü hazırda davam edir.

Bu baş verənləri Ermənistanda “İsgəndər” qiyamı da adlandırmaq olar. Çünki ordunun Paşinyana qarşı qiyam qaldırması baş nazirin 1in.am saytına müsahibəsində “İsgəndər” operativ-taktiki raketləri barədə dediklərinin nəticəsidir. Paşinyan bildirmişdi ki, bu raketlər Qarabağ müharibəsində tətbiq edilib, amma partlamayıb. “Yaxud 10 faiz partlayıb”,-o bildirib.

Ötən gün Baş qərargah rəisinin müavini, general-leytenant Tiqran Xaçaturyan isə Yerevan.today saytının müxbirinin bu məsələ ilə bağlı telefon zənginə cavab verərkən Paşinyanın dediklərini qəhqəhə və istehza ilə qarşılayıb. Xaçaturyan dərhal Paşinyan tərəfindən vəzifəsindən azad olunub, ardınca Baş qərargah onu dərhal istefaya çağırıb.

“Vətənin xilası naminə hərəkat” yaydığı bəyanatında bildirir ki, silahlı qüvvələrinin yüksək komandanlığının bəyanatını tam dəstəkləyir və alqışlayır, ölkənin təhlükəsizliyinin yeganə qarantına öz dəstəyini ifadə edir. “Paşinyan indi xalqı vətəndaş toqquşmasına və qan axıdılmasına sürükləmək istəyir. Bütün vətəndaşları bu rejimin təxribatına uymamağa, təmkin və soyuqqanlılıq nümayiş etdirməyə, ordunun və onun komandanlığının ətrafında birləşməyə çağırırıq”,-bəyanatda deyilir.

virtualaz.org