Loading...
ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub

ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub

13-10-2018

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

O qeyd edib ki, Azərbaycanda hamı münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdır:

“Ölkəyə səfərim zamanı biz münaqişənin həlli prosesində son zamanlar əldə olunan irəliləyişləri, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Düşənbədəki görüşünü qeyd etmişik”.

C.Kent bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır:

“Bu ay, iki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq”.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.