Loading...
YUNESKO-nun Hökumətlərarası Komitəsində Ermənistanın təxribatının qarşısı alınıb

YUNESKO-nun Hökumətlərarası Komitəsində Ermənistanın təxribatının qarşısı alınıb

27-11-2018

YUNESKO-nun Hökumətlərarası Komitəsində Ermənistanın təxribatının qarşısı alınıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata göröə, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri"nə dair 5 illik hesabat qəbul edilib.

Hesabatda çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilmiş tədbirlər, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionunun işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapıb, çövkən oyununun Qarabağdan zorla qovulmuş Azərbaycan əhalisinin müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq yaşatmağa çalışdığı və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilib.

İclasda Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi həmişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib.

Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT Nizamnaməsinin və YUNESKO-nun müvafiq konvensiyasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkəmizdə çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapıb. O, komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməyə çağırıb.

İclas zamanı, həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.

Sessiyada Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov və Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərovdan ibarət nümayəndə heyəti iştirak edir.

trend.az