Loading...
Olqa Alqayerova: Azərbaycan BMT orqanları sistemində təşəbbüskar mövqeyi ilə seçilir

Olqa Alqayerova: Azərbaycan BMT orqanları sistemində təşəbbüskar mövqeyi ilə seçilir

29-11-2018

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə UNECE arasında təşəkkül tapmış ənənəvi əlaqələrdən məmnunluq ifadə olunub. Olqa Alqayerova səfər çərçivəsində təmsil etdiyi qurum ilə Azərbaycan Hökuməti arasında Birgə Bəyanatın imzalanmasını təqdirəlayiq hal kimi göstərərək, Azərbaycanın, ümumiyyətlə BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyini, qurumun fəaliyyətinə mühüm töhfə verdiyini yüksək dəyərləndirib.

Nazir Elmar Məmmədyarov Avropada iqtisadi inkişaf meyillərinin izlənilməsi və onun təmin edilməsi məqsədilə UNECE çərçivəsində intensiv siyasi dialoq və səmərəli təcrübə mübadiləsi mexanizmlərinin vacib rol oynadığını qeyd edib. Bu xüsusda o, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun, o cümlədən Sərsəng su anbarının işğal altında saxlanılmasının regional sülh və təhlükəsizlik, habelə ekoloji vəziyyət üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığa əngəl törətdiyini qeyd edib.

Həmsöhbətlər Azərbaycanla UNECE arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyindən əminlik ifadə edib, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.