Loading...
Bayrağımız Şuşada, Laçında, ..., Zəngilanda da dalğalanacaq!

Bayrağımız Şuşada, Laçında, ..., Zəngilanda da dalğalanacaq!

01-12-2018

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə çatırıq. Zabit Ruslan Novruzov  söhbət əsnasında şəxsi heyətin fiziki, döyüş, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu bildirir: "Əsgərlərimiz döyüş qabiliyyətli olmaqla yanaşı, psixoloji cəhətdən də düşmənlə üz-üzə gəlməyə hazırdırlar. Tədris dövründə komandir heyəti əsgərlərimizin nəzəri biliklərinin, praktiki vərdişlərinin artırılmasına xüsusi diqqət yetirir. Keçirilən məşğələlərin nəticəsidir ki, əsgərlərimiz irimiqyaslı təlimlərdə heç bir çətinlik çəkmədən döyüş tapşırıqlarını yerinə yetirərək müvəffəqiyyətlər əldə edirlər. Əminliklə deyə bilərəm ki, hər bir əsgərimiz istənilən an torpaqlarımızın azadlığı uğrunda döyüşməyə, düşməni məhv etməyə hazırdır".
Zabitlə birgə Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyən əsgərlərimizin görüşünə yollanırıq.
Səngərə çatanda başa düşdüm ki, niyə payızın soyuğu, qışın sazağı, yayın qızmar istisi əsgərlərimizi narahat etmir. Səngərdə Vətənə məhəbbətdən, əsgərlərin bir-birinə etibarından, torpaqlarımızı işğaldan azad etmək istəyindən yaranan istilik duyulmaqdadır. Hərarətin ilk işartılarını gizir Fərid Sanılıdan alırıq.
Öyrənirəm ki, əmisi Xəqani Sanılı torpaqlarımız uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhid olub. Şəhid əmisinin adını daşıyan qardaşı leytenant Xəqani Sanılı düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin birində xidmət edir. Babası Şəmsəddin Saniyev müharibə veteranı olub. Fərid aprel döyüşlərində əsgər kimi iştirak edib. Vətənin belə bir mərd oğlu ilə tanış olduğum üçün sevincliyəm. "Yadımdadır, atam bizə tez-tez əmimin və babamın Vətən sevgisindən söhbətlər edərdi. Qardaşımla mən böyük maraqla dinləyərdik. Günlərin bir günü qardaşımla mən hərbçi olmaq qərarımızı dilə gətirdik. Atam çox duyğulandı. Qürur hissi ilə bizi bağrına basdı. Onun sözlərini heç zaman unutmaram: "Bu gün mənim ən sevincli günümdür, oğullarım. Siz qardaşımın yolunu davam etdirmək qərarına gəldiniz. Arzu edirəm ki, tez bir zamanda doğma Qarabağımızı işğaldan azad edənlərin sıralarında olasınız". Bu gün hər ikimiz torpaqlarımızı işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözləyirik".
Cəsur komandirin tabeçiliyində xidmət edən, postda müşahidə və döyüş növbətçiliyi aparan əsgərlərimizlə həmsöhbət oluruq. Əsgər Nəsir Cahangirov ordu sıralarına Sumqayıt şəhərindən çağırılıb. Öyrənirəm ki, Nəsirin dayısı Ələsgər Şirinov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır. "Fəxr edirəm ki, bu gün cəbhə bölgəsində, ön xətdə xidmət edirəm. Bu yol hər bir gənc üçün qəhrəmanlıq və mərdlik yoludur. Vətənini sevən hər kəs bu yolu keçməlidir. Düzdür, çətindir. Lakin Vətən sevgisi bu çətinlikləri bizlərə hiss etdirmir. Biz düşməndən qat-qat güclüyük. Aprel döyüşləri zamanı düşmənə gücümüzün bir qismini nümayiş etdirdik. Onlar isə necə qorxaq, aciz olduqlarını göstərdilər. Mən inanıram ki, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edənlərin sırasında olacağam".
Əsgər Röyal Tağıyev bildirir ki, Vətənə şərəf və ləyaqətlə xidmət etmək hər kəsin müqəddəs borcudur. "Neçə aydır ki, torpaqlarımızın keşiyində dayanmışam. Kifayət qədər təcrübə qazanmışam. Komandirlərimizin bizə öyrətdikləri hərbi sirlərin köməyi ilə dəqiq atəş açmağı, peyda olan və hərəkət edən hədəfləri məhv etməyi öyrənmişik. Bunun nəticəsidir ki, erməni işğalçılarının hücumlarının qarşısını layiqincə alırıq. Torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə də hazırıq. Döyüş əmri ilə döyüş meydanına atılacağımız günü gözləyirik".
- Bir məqsədimiz var: işğal altında olan torpaqlarımızı azad etmək. Buna görə də hər bir vətənsevər gənc hərbi xidmət keçməlidir. Bu yol şərəfli yoldur. Xidmətdə yaşanan hər gün mənim yaddaşıma həkk olunur: əsgər yoldaşlarımla keçirdiyim günlər, asudə vaxtlarımızda etdiyimiz söhbətlər, iştirak etdiyimiz təlimlər və s. Özümə layiqli dostlar qazanmışam. Hər sirrimi onlarla çəkinmədən paylaşa bilirəm. Səngər dostu ömür dostudur. Bizim də dostluğumuz, inanıram ki, əbədi olacaq. Burada olduğu kimi, mülki həyatda da hər zaman bir-birimizə arxa-dayaq olacağıq.
Ən böyük arzum döyüş meydanında ermənilərin çarəsiz halda əzəli torpaqlarımızdan qaçdıqlarını görməkdir, - ordu sıralarına Şəki rayonundan çağırılan əsgər Orxan Qəniyev belə deyir.
Əsgər Şamil Abbasov "Hərbi xidmətdə hər gün yaddaqalan olur. Hər günün öz gözəlliyi, özəlliyi var. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bizimlə görüşdüyü gün heç zaman yaddaşımdan silinməyəcək. Hər bir şəraitimizlə yaxından tanış oldu, problemlərimizi soruşdu, bizimlə nahar etdi. Bu cür münasibət, səmimiyyət, diqqət və qayğı bizi xidmətimizə daha da ruhlandırır. Tez bir zamanda Ali Baş Komandanımızın əmri ilə bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq!" kəlmələrini o qədər inamla deyir ki!..
Bir daha əmin olduq ki, Azərbaycan əsgərinin döyüş ruhu olduqca yüksəkdir, onlar istənilən an Ali Baş Komandanımızın döyüş əmri ilə Qarabağımızı işğaldan azad etməyə qadirdirlər.

mod.gov.az