Loading...
Azərbaycan-BMT tərəfdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan-BMT tərəfdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb

19-12-2018

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib və bu xüsusda, 3 istiqamətdə - katiblik, sülhməramlılıq departamenti və inkişaf sistemində islahatların həyata keçirildiyini qeyd edib. Q.İshaqzai BMT Baş Assambleyasının 2018-ci ilin may ayında yekdilliklə qəbul etdiyi qətnaməyə əsaslanan Birləşmiş Millətlər Təşkilatının inkişaf sistemində aparılan islahatlarının, ilk növbədə, effektivliyin artırılmasına yönəldiyini söyləyib və islahatlar prosesinin dəstəklənməsi üçün xüsusi Etimad Fondunun yaradıldığını vurğulayıb.

Tərəflər BMT və Azərbaycan arasında sonuncu dəfə 2016-cı ildə imzalanmış Tərəfdaşlıq Çərçivə sənədinin yenilənməsi üzrə qarşıdan gələn il ərzində danışıqların başlanması üzrə fikir mübadiləsi aparıblar.

Ölkəmizin BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq qurduğunu deyən nazir Elmar Məmmədyarov ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

azertag.az