Loading...

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Əsas məqsəd Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur bölgələri, tarixi torpaqlarımız haqqında internet resurs bazasının yaradılmasıdır. Mərkəz 31.10.2017–ci il tarixdə dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi adlandırılıb. Birliyin əsas məqsədi ölkə daxilində və xaricdə ictimaiyyət, xüsusilə gənclər arasında Ermənistan-Azərbaycan münaqişəsi haqqında biliklərin yayılması, Ermənistanın işğalçı siyasətinə qarşı əks - təbliğat işlərinin həyata keçirilməsi, Ermənistanın işğalından azad olunan torpaqlara məcburi köçkün əhalinin, xüsusilə gənc nəslin qayıdışı prosesinə və həmin ərazilərin dirçəldilməsi işinə, şəhid və qazi ailələrinin sosial problemlərinin həllinə dəstək vermək, vətənpərvərliyin təbliğinə kömək etməkdir.
 
“Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən həyata keçirilən layihələr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər qurum və təşkilatlar tərəfindən dəstəklənmişdir. 

www.virtualkarabakh.az portalı “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin rəsmi internet səhifəsidir. İnternet səhifəmiz eyni zamanda org/com/net/co. uk domen adları ilə də fəaliyyət göstərir. 

31.01.2020–ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinə  məxsus olan “Virtual Qarabağ” əsəri (layihəsi) 15/C–10982-20 nömrəsi ilə qeydiyyatdan keçirilmiş, ictimai birliyə “Virtual Qarabağ” layihəsinə müstəsna müəllif hüququ sahibi şəhadətnaməsi verilmişdir.

Missiya

Dünyanın çoxsaylı lokal və planetar münaqişələri sırasında 30 ilə yaxın bir müddətdə davam edən Qarabağ münaqişəsi Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etməsilə başa çatmış və hərbi yol ilə həll olunmuşdur. Ermənistan tərəfindən qədim Azərbaycan torpaqları  Qarabağ və Şərqi Zəngəzurun uzun müddət işğal altında saxlanılması və bu ərazilərimizin nəzarətsiz qalması, əslində dünya tarixində az-az təsadüf edilən hadisələrdən idi. Hədəfimiz Qarabağı, Şərqi Zəngəzuru virtual çərçivəyə salmaq deyil, əksinə Qarabağ, Şərqi Zəngəzur, tarixi torpaqlarımızla bağlı həqiqətlərin internet məkanında tanıdılmasına xidmət etməkdir. 

“Virtual Qarabağ” layihəsi Qarabağın, Şərqi Zəngəzurun, tarixi torpaqlarımızın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, Ermənistan-Azərbaycan münaqişəsi, bir sözlə, ölkəmizin bu qədim bölgəsi haqqında olan məlumatları Azərbaycan və dünyanın aparıcı dillərində yayımlayan və paylaşan mərkəzləşmiş İnternet-şəbəkə resursu kimi düşünülüb.

Bu internet resursdakı geniş yazılı məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, virtual sərgilər, Azərbaycan və xarici dillərdə sənədli filmlər, 3 D qrafik təsvirli filmlər, animasiya filmləri, virtual muzey, e-albomlar, mobil tətbiqlər, infovideolar, posterlər bir sözlə, Qarabağ və Şərqi Zəngəzurla bağlı hər şey, ölkəmizin yeni nəsil nümayəndələrinə, 50 milyonluq soydaşlarımıza və onların xaricdəki dostlarına, həmyaşıdlarına, dünyanın sülhsevər insanlarına həqiqi faktlarla çatdırılmasına yönəlib.

Hər kəsi “Virtual Qarabağ” layihəsinə öz tövfəsini verməyə, bu resursun sadəcə bir internet layihəsi olaraq mövcudluğuna deyil, həm də müxtəlif nəsil insanlar, xüsusən yeniyetmə və gənclərin tez-tez müraciət edəcəyi, öyrənəcəyi bir qlobal informasiya-bilik şəbəkə mənbəyinə çevrilməsinə yardımçı olmağa səsləyirik. Əgər sizlər də gələcək nəsillərə milli həqiqətlərimizi çatdırmaqda maraqlısınızsa, bizə qoşulub bu İnternet hərəkatında fəal iştirak edin, əziz dostlar, əziz gənclər!

Torpaqlarımız Ermənistan işğalı altında olarkən əsas hədəfimiz Qarabağın insanlar, xüsusilə də gənclərimiz tərəfindən unudulmamasi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər, ədalətli sakinlərinə çatdırmaq idi. İndi, Qarabağ və Şərqi Zəngəzurun Ermənistan işğalından azad edilməsindən sonra əsas hədəfimiz Ermənistanın təcavüzkar siyasəti, terrorçu mahiyyəti, Azərbaycanın haqlı və sülhsevər mövqeyi, məcburi köçkün əhalinin Qarabağ və Şərqi Zəngəzura qayıdışı və o torpaqlarda dirçəliş prosesi haqqında məlumatların həm Azərbaycan gəncliyinə və ictimaiyyətinə, həm də dünya gəncliyinə və ictimaiyyətinə çatdırmaqdır. Bu istiqamətdə fəaliyyətimizə dəstək verən hər kəsə əvvəlcədən minnətdarlığımızı bildirirk. 

“Virtual Qarabağ” layihəsinə dəstək vermək istəyən insanlar, qurum və təşkilatlarla ölkəmizə fayda verəcək əməkdaşlığa hazırıq. 

Qarabağ Azərbaycandır!

Əlaqə: +99412 505 57 90
E-mail: [email protected]
 

*. cdr formatında loqonu yüklə

*. jpg formatında loqonu yüklə

*. png formatında loqonu yüklə