Loading...
Xankəndi

Xankəndi

Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Sahəsi 8,8 km²-dir. Əhalisinin sayi 55.9 min nəfərdir (01.01.2020) Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28.12.1991-ci ildə işğal olunmuşdur.

Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuşdur.

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir.

Xankəndində tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdur.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07. 07. 1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18. 09. 1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stapanakert şəhəri adlandırılmışdır.

Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 15. 05. 1978-ci il tarixli, 837-IX nömrəli Fərmanı ilə Stepanakert rayonunun mərkəzi Stepanakert şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilmiş və Stepanakert rayonu Əsgəran rayonu adlandırılmışdır.

Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 21. 04. 1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən Stepanakert şəhərinin Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin tərkibində Kərkicahan Qəsəbə Soveti yaradılmışdır.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə şəhərin tarixi adı qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri adlandırılmışdır.

İkinci Qarabağ müharibəsi (27 sentyabr - 09 noyabr 2020) nəticəsində Xankəndi şəhəri üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!