Loading...
Laçın-Xankəndi yolunda Azərbaycan Himninin sədaları ucalıb

Laçın-Xankəndi yolunda Azərbaycan Himninin sədaları ucalıb

06-01-2023

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 26 gündür davam edir.

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, havanın soyuq və səhər saatlarının olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının fəallığı müşahidə edilir. Onlar Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən Azərbaycan, ingilis və rus dillərində olan plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Azertac.az