Loading...
 Qarabağın görkəmli şəxsiyyətləri

Qarabağın görkəmli şəxsiyyətləri

Moisey Kalankatlı – Alban tarixçisi (VII əsrin sonu – VIII əsrin əvvəli)

Moisey Kalankatlı və ya Musa Daşqurançı-mənşəcə Qafqaz albanlarından, uti tayfasından olan tarixçi, "Alban ölkəsinin tarixi" əsərinin müəllifi. Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə yazmışdır.

Moisey Kalankatlı qeyd edir ki, o, Albaniyanın Uti vilayətində yerləşən Kalankat kəndində anadan olub. Alban tayfalarından biri olan utilərin adı da Uti vilayətinin adından götürülüb. Həmin tayfa Qanıx (Alazan) çayından başlamış cənuba doğru uzanan ərazilərdə, o cümlədən Yuxarı Qarabağda, Tərtər çayı sahillərində yaşayırdı. Mənbələrdə utilərin Kürün hər iki sahilində və hətta Xəzər dənizi sahilində yaşamaları göstərilir. VII əsrdə böyük kəndlərdən sayılan Kalankat kəndi Bərdə şəhərin­dən cənub- qərbdə, Tərtər çayı sahilində yerləşirdi.

Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Albaniyanın siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir.

Cəbrayıl ata (VIII əsr)

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır

Xaçınlı Vaxtanq (XII əsr)

Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır. 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır. Onun dövründə böyük miqyaslı quruculuq işləri görülmüşdür. Belələrindən biri də Xudavəng monastırındakı bərpa işləri idi.

I Həsən (XIII əsr)

XII əsrin sonu–XIII əsrin əvvəllərində Xaçın knyazı. Hakimiyyəti əsasən mərkəzi Zar kəndi olan Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Sarkis Zaxarinin qızı Dəfnə xatunla evli olmuşdur. I Həsənin tarixi mənbələrdə son xatırlanması 1204–cü ilə aiddir. I Həsənin ölümündən sonra bir müddət xanımı Dəfnə xatun dövləti idarə etmişdir. Bu dövrdən etibarən alban hökmdar sülaləsi Arranşahik sülaləsinin Yuxarı Xaçında hakimiyyətdə olan qolu onun adı ilə Dəfnə adlandırılmışdır.

Həsən Cəlal (1215-1261)

Görkəmli siyasi və dövlət xadimi özünü Alban hökmdarı adlandıran Həsən Cəlal məşhur Mehranilər nəslinə mənsub olub Xaçın knyazlığının hökmdarı idi. XIII yüzillikdə mövcud olmuş bu knyazlıq indiki Qarabağın əksər hissəsini əhatə edirdi. Həsən Cəlalın hakimiyyət illəri alban renessansı hesab olunur. Bu dövrə ölkənin iqtisadi, mədəni və siyasi dirçəlişi təsadüf edir. Apardığı inşaat işlərindən xüsusilə qeyd oluna biləni bütün Qafqaz xristian memarlığının şah əsərlərindən sayılan Gəncəsər monastırıdır (1216-1238)

Sarı Aşıq (XVII əsr)

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşığ Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırki Güləbird kəndinin ərazisində dəfn olunmuşdur.

Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdu.

Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir".

Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapmışdır.

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir.

1993-cı ildə erməni vandalları Sarı Aşıgın qəbrini tamamilə dağıtmışlar.

Pənahəli xan (1693-1763)

Qarabağ xanlığının banisi. Pənahəli xan Sarıcalı Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi. O 1963 ildə anadan olmuşdur. Görkəmli sərkərdə və dövlət xadimi kimi şöhrət qazanmışdır. Onun hakimiyyəti dövründə böyük miqyaslı tikinti və quruculuq işləri aparılmış Şahbulaq qəsri, Əsgəran qalası inşa olunmuşdur. Lakin gördüyü işlər içərisində ən önəmlisi 1750 ildə inşasına başladığı və ilk öncə Pənahabad daha sonra isə Şuşa adlandırılmış şəhər-qalası olmuşdur.

Molla Pənah Vaqif (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından olub.

Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.

XVIII əsrin ortalarında Gürcüstan sərhədində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır.

Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər.

Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.

Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.

Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır. Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.

İbrahimxəlil xan Cavanşir (1732-1806)

İbrahimxəlil xan-1758-ci ildən xanlığın sonuna qədər Qarabağ xanlığının xanı, general-leytenant. İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Onun xanlığı dövründə Ağa Məhəmməd xan Qacar Şuşaya iki dəfə hücüm etmişdir. Birinci hücümu (1795) dəf edilsə də ikinci dəfə (1797) Şuşa qalası alınmış, lakin Şah Qacar həmin gecə öz ətrafı tərəfindən öldürülmüşdür. 1806-cı ildə İbrahimxəlil xan rus işğalçıları tərfindən qətlə yetirlimişdir.

Qasım bəy Zakir (1784-1857)

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır.

Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsili çap olunmuşdur. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.

Mir Mehdi Xəzani (1819-1894)

Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə müəllimlik edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da müəllimliklə məşğul olmuşdu. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun "Kitabi-tarixi-Qarabağ" tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarix"lərindən əlavə "təvarixi-qədimlər"dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə "xalis türki" dilində yazmışdır. Mir Mehdi şair idi. Xəzani təxəllüsü ilə şeirlər yazırdı. Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib.

Xurşidbanu Natəvan (1832-1897)

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda « Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur. Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adını çəkir. Nəvvab həm də gözəl rəssam olmuşdur. Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

Nəcəf bəy Vəzirov (1854-1926)

Nəcəf bəy Vəzirov-Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan yazıçı. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir. Nəcəf bəy Vəzirov 1854–cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Gimnaziyada oxuyarkən N. Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N. Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1926–cı ilin iyul ayının 9–da orada ürək partlamasından vəfat etmişdir.

Səməd bəy Mehmandarov (1855-1931)

Səməd bəy Mehmandarov–Rusiya İmperator ordusunun artilleriya generalı , Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi.

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Əslən Şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S. Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S. Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi. Diviziya komandiri S. Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

1917-ci il fevral burjua inqilabı baş verərkən S. Mehmandarov Qafqazda idi. General S. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində1921-1928-ci illərdə müəllimlik etmişdir.

General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.

Cabbar Qaryağdıoğlu (1861-1944)

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.

O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir

Əhməd bəy Ağaoğlu (1869-1939)

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan " İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevrilir. 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyətində o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir.

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difahi" adlı özünümüdafiə təşkilatı yaradır.

Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir.

Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

Bəhlul Behcət (1869-1938)

Bəhlul Behcət 1869-ci ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə "Behcət" təxəllüsü götürmüşdür.

Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. O, "Nizami və Qafqaz folkloru" mövzusundə elmi əsər qələmə almışdı.

Bəhlul əfəndi Bəhlul Danəndənin tarixi şəxsiyyət və azərbaycanlı olduğunu, IX yüzildə Təbrizdə yaşadığını, müasirləri arasında alim və bağban kimi şöhrətləndiyini yazılı və şifahi tutalqalarla sübut edir, hətta albalının təzə bir növünü kəşf etdiyini, həmin calaq cinsin Bəhlulun zəhmətinin bəhrəsinə el qiyməti olaraq "bəhli" adlandırıldığını deyirmiş. Onun Bəhlul Danəndə haqqında topladığı sənədlər və lətifələr arxivlərdə qorunub saxlanmamışdır.

Bəhlul Behcət 15 mart 1938-ci ildə repressiyaya məruz qalmış və güllələnmişdir.

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)

1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri Yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq' (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış. burada tamaşalar təşkil etmişdir. Burada ilk Hekayələrini ("Ata və oğul", "Ayin şahidliyi") yazıb İki Hekayət" adı ilə çap etdirmişdir 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın Birinci Diplomatların Sıralarda hesab olunur). Burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamışdır. "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə etmişdir. "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə. felyeton çap etdirmişdir Həştərxanda Yaşadığı müddət şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır. (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918) Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Sultan bəy Sultanov (1871-1955)

Sultan bəy 1871-ci ildə Laçın rayonunun Hacısamlı nahiyəsinin Qasımuşağı kəndində doğulmuşdir. Paşa bəyin oğlu olub. Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu. O, bu təhsil ocağını tamalaya bilmədi. Atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönür. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.

1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu.

Ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy Iran şahına üz tutur. İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir. Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.

Həmidə xanım Cavanşir (1873-1955)

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdi. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

Cavad bəy Məlikyeqanov (1878-1942)

Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə sürgün edilmişdir.

Xosrov bəy Sultanov (1879-1947)

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Laçın rayonu Hacısamlı nahiyəsinin Qurdqajı kəndində dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonar Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. Xosrov bəy 1947-ci ildə vəfat etmişdir

Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov—dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948), Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur.

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.

Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. Dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.

Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir. UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi.

Bülbül (1897-1961)

Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin iki dəfə Lenin Ordeninə, iki Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə layiq görülmüşdür. 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Yaqub Quliyev (1900-1942)

Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də Şuşa şəhərində dünyaya gəlib. 1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu.

Süvari korpus komandirinin müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı faşist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edilməsində qeyri-adi döyüş məharəti göstərmişdir.

Süleyman Rəhimov (1900-1983)

Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini iki sinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. 1928-ci ilin payızında dostu Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.

Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycan K (b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin ordeni (1946, 1970, 1975), "Qırmızı Əmək Bayrağı" (1959), "Şərəf nişanı" (1942) ordenləri və medallarla təltif edilmişdir, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları almışdır. 1983-cü il oktyabrın 11-də vəfat etmişdir.

Xan Şuşinski (1901-1979)

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir.

Lətif Kərimov (1906-1991)

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.

O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır.

Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Niyazi (1912-1984)

Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Əslən Şuşalıdır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.

"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir. Niyazi Z. Hacıbəylinin "Aşıq Qərib", Ü. Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s. ) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə iki hissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C. Cabbarlının "Almas", S. Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.

Rəşid Behbudov (1915-1989)

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Əslən Şuşalıdır.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq qörülmüşdü.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Əvəz Verdiyev (1916-1945)

Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçu kəndində anadan olmuşdur. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.

1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.

1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.

1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildəSovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı və Lenin Ordeni təqdim olunmuşdur.

Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.

Cəmil Əhmədov

Cəbrayıl rayonunun mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.

Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.

Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilmişdir.

Cəlal Bərgüşad (1924-1996)

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.

1996-cı il iyulun 9-da vəfat etmişdir.

Xudu Məmmədov (1927-1988)

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çı­xar­mış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, təd­qi­qatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

Valeh Bərşadlı (1927-1999)

Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. 14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını Bakı Zenit Artileriyası Məktəbini və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası Məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur.

Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən birinin müavinliyinə qədər yüksəlmişdir.

1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir.

Arif Babayev (1938)

Arif İmran oğlu Babayev mart ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Xanəndə, Xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra-1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

Azərbaycan Dövlət Filarmoniyasına, Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi

dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm“), Aşıq Qərib (Z. Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş. Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır.

Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Seygah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Xalq artisti Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir.

Məhəmməd Əsədov (1941-1991)

Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsində bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb.

1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub.

1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.

1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ildə qədər Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.

1983-1986-cı illərdə Beyləqan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. 1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Nazir işlədiyi müddətdə günlərinin çoxunu Qarabağ bölgəsində keçirir.

1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.

Məhəmməd Əsədov 1991-ci il noyabr ayının 20-də dövlət xadimləri ilə birlikdə vertolyotla Ağdam şəhərinə uçur və Qarakənd səmasında vertolyot ermənilər tərəfindən vurulur və xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə Məhəmməd Nəbi oğlu Əsədov da qəhrəmanlıqla, faciəli şəkildə həlak olur.

Şirin Mirzəyev (1947-1992)

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş. Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Şahlar Şükürov (1952-1990)

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı instutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı. O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.

Zərdab rayonunda qəhrəmanımızın adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.

Əlif Hacıyev (1953-1992)

24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974- 1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdır.

Ə. Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur.

Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə. . Hacıyev də görürdü. Nəhayət, həmin faciə günü yetdi. 1992-ci ilin fevral ayının 25-də Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında–Xocalı faciəsi zamanı şəhid oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Əliyar Əliyev (1957-1992)

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrlinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.

Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Pəhlivan Fərzəliyev (1958-1992)

7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.

BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.

Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.

Ramiz Qəmbərov (1962-1992)

Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H. Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Oqtay Güləliyev (1962-1992)

10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur. Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğurszluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur. Ölmündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şikar Aslanov (1970-1992)

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir.

1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Subay idi.

Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

www. virtualkarabakh. az