16 dekabr 2013 – cü il tarixdə "JW Marriott Absheron" hotelində "Virtual Qarabağ" İKT Mərkəzinin və mərkəzin www. virtualkarabakh. az portalının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, yerli və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə məlumat verilmişdir ki, "Virtual Qarabağ" İKT Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6. 2. 2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. "Virtual Qarabağ" İKT Mərkəzinin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının qədim bölgəsi olan Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Mərkəzin digər məqsədi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərə, o cümlədən dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verməkdir.
Daha sonra layihə çərçivəsində hazırlanmış www. virtualkarabakh. az portalı təqdim edilmişdir. Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd etmişdir ki, əsas məqsəd Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Azərbaycan gəncliyini, ziyalılarını, alimlərimizi, hər bir Azərbaycan vətəndaşını daim fəallığa çağırırdı. Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, hər bir azərbaycanlı çalışdığı sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini unutmamalıdır. Ermənilərlə qonşuluq Azərbaycan xalqı üçün bir çox məsələlərdə əlavə məsuliyyət yaratmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılar dəfələrlə ermənilərin fiziki və mənəvi basqılarına məruz qalmışlar. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqının qarşısında geosiyasi, geoiqtisadi, təhlükəsizlik və digər aktual vəzifələr qoyur. Artıq bu mübarizəyə Azərbaycan gəncliyinin də qoşulması sevindiricidir.
Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında belə bir mərkəzin yaradılmasının əhəmiyyətindən danışmışdır. O əlavə etmişdir ki, mərkəzin istehsal edəcəyi məhsullar Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyə almasına töhvə verəcək.
Tədbirdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin ilk istehsalı olan "Qarabağa doğru" filminin ingilis dilində versiyası və "Şuşa - Virtual Səyahət" 3 D qrafik təsvirli filmi də göstərilmişdir.