24 dekabr 2018-ci ildə “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış 3D formatında “Cəbrayıl - virtual səyahət” qrafik filminin təqdimatı keçirilib.
Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə səyləri ilə ərsəyə gətirilib.
Tədbirdə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 3 dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımız olan Qarabağa Ermənistanın ərazi iddiaları haqqında olduğunu bildirib. Qeyd edib ki, bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.
Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər, həmçinin orta əsrlərdə, xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan ərazilərdə quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. “Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda “çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, – deyə cavab verilir.
Sənədli film Azərbaycanda Qarabağın bütün tarixi dövrlərini və müasir işğal dövrünü orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadə, ingilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist İan Peartdir.
Filmi ingilis dilində ABŞ-dan Jill Goldman, Azərbaycan dilində Vüsal Xaliqoğlu, rus dilində Konstantin Qayçuk səsləndirib.
3D formatında “Cəbrayıl - virtual səyahət” qrafik filmi də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edir.
Filmdə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı, Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidələr qrafik təsvirlərlə bərpa olunaraq nümayiş etdirilir.
Gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Ülvi Quliyev, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və digər çıxış edənlər filmlərin əhəmiyyətindən danışıblar.