Loading...

"Virtual Qarabağ" İKT Mərkəzində əcnəbi tələbələrlə Xocalı soyqırımının ildönümü ilə əlaqədar görüş keçirilmişdir

19 fevral 2014-cü il tarixində “Virtual Qarabağ” İKT Mərkəzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə Xocalı soyqırımının 22 ci ildönümü münasibəti ilə məlumatlandırma görüşü keçirilmişdir. “Hər şey Qarabağ üçün” informasiya kampaniyası çərçivəsində keçirilən görüşdə 22 il bundan öncə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc əhaliyyə qarşı törətdiyi məqsədyönlü soyqırım aktı haqqında əcnəbi tələbələrə məlumat verilmiş, faciə barəsində film nümayiş etdirilmişdir. Görüşdə eyni zamanda “Hər şey Qarabağ üçün” informasiya kampaniyası haqqında məlumat verilmiş, virtualkarabakh. az saytı xarici tələbələrə təqdim olunmuşdur.

Məlumat görüşündə əcnəbi tələbələr Ermənistan – Azərbaycan, Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı fikirlərini söyləmişlər . Onlar Xocalı soyqırımını dinc əhaliyə qarşı törədilmiş cinayət kimi qiymətləndirmiş və faciə haqqında obyektiv məlumatın dünyanın müxtəlif yerlərində yaşayan gənclərə, insanlara yayılmasını vacib hesab etmişlər.

Öz növbəsində görüş zamanı əcnəbi tələbələrdən internet resurslardan istifadə etməklə Xocalı soyqırımı haqqında obyektiv informasiyanın xaricdə yaşayan tanışlarına və həmyaşıdlarına çatdırılmasının zəruriliyinə toxunulmuşdur. Bildirilmişdir ki, artıq dünyanın müxtəlif yerlərində Ermənistan və erməni diasporası tərəfindən yayılan informasiyalar əvvəlki qədər təsirə malik deyil. Bu istiqamətdə Azərbaycan gəncləri tərəfindən aparılan obyektiv məlumatlandırma işlərinin, xüsusilə də “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanmışdır.

“Hər Şey Qarabağ Üçün” virtual kampaniya “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən həyata keçirilir və Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət edir. “Hər Şey Qarabağ Üçün” virtual hərəkatı hamı üçün açıqdır: Azərbaycanda və dünyada yaşayan sülhsevər insanlar, yeniyetmələr, gənclər, Qeyri - Hökumət Təşkilat­ları, gənclər təş­­kilatları kampaniyaya qoşula bilər.