Loading...

“Ağdam - virtual səyahət” 3D qrafik təsvirli,“Qarabağ atı” animasiya filmlərinin təqdimatı keçirilib

23 dekabr 2015 – ci il tarixdə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqdimat mərasimi keçirilib.

Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verib.

Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Gənclər və İdman naziri Azad Rəhimov mərkəzin 2013- cü ildən təqdim etdiyi elektron məhsulların əhəmiyyətini qeyd edib. Bildirib ki, mərkəzin qarşısında daha mühüm layihələrin icrası durur. Ölkə gənclərinin maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində bu məhsullar çox mühüm rol oynayır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “Virtual Qarabağ” mərkəzinin mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış etdiyini, ictimaiyyətə maraqlı və zəruri layihələr, məhsullar təqdim etdiyini bildirib.

Sonra “Qarabağ atı” animasiya filmi, Azərbaycan və ingilis dillərində “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli filmi təqdim olunub.

Təqdim olunanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsində əsas məqsəd interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, həmin abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, bu barədə gənclərin məlumatlılığının artırılmasıdır.