21 fevral 2014-cü il tarixində 28 Mall ticarət mərkəzində “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə beynəlxalq ictimaiyyətin məlumatlandırma aksiyası keçirilmişdir. Aksiyanın məqsədi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətə obyektiv informasiyalar, tarixi faktlar və həqiqətləri daha müasir formalarda çatdırmaq, Qarabağ haqqında düzgün məlumatlılığın artırılmasıdır.
“Hər şey Qarabağ üçün” informasiya kampaniyası çərçivəsində keçirilən aksiya zamanı ilk dəfə olaraq “talk fusion” video paylaşma texnologiyası tətbiq olunmuşdur. Aksiya çərçivəsində “talk fusion” texnologiyası ilə hazırlanan video qəzet vasitəsilə Xocalı soyqırımı haqqında məlumatlar, video və foto materiallar, Heydər Əliyev Fondunun vitse – prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” informasiya kampaniyası çərçivəsində hazırlanan video klip canlı rejimdə dünyanın müxtəlif ölkələrində yaşayan siyasətçilərə, jurnalistlərə, gənclərə göndərilmişdir. “Talk fusion” texnologiyasının köməyi ilə qabaqcadan hazırlanmış materialları bir gündə minlərlə e mail ə heç bir spam maneəsi olmadan göndərmək, bütün dünya üzrə qeyri-məhdud sayda iştirakçıyla ünsiyyətə girmək , eyni zamanda canlı rejimdə hesabat əldə etmək mümkündür.
Aksiya gənclər, tələbələr, gənclər təşkilatlarının nümayəndələri və əhali tərəfindən maraqla qarşılanmışdır. Onlar elektron poçtlarından dünyanın müxtəlif insanlarına “talk fusion” texnologiyasının imkanlarından istifadə etməklə Xocalı soyqırımı haqqında video, foto və yazı materialları göndərmişlər. Aksiya zamanı müasir texnologiyalardan istifadə olunması da xüsusi marağa səbəb olmuşdur. Ümumilikdə aksiya zamanı hazırlanmış materiallar 2500 dən çox elektron ünvana göndərilmişdir. Aksiya fevral ayının 27 -ə qədər davam edəcəkdir.
Xatırladaq ki, “Hər Şey Qarabağ Üçün” virtual kampaniyası “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir və Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət edir. “Hər şey Qarabağ üçün” virtual kampaniyası hamı üçün açıqdır: Azərbaycanda və dünyada yaşayan sülhsevər insanlar, yeniyetmələr, gənclər, Qeyri - hökumət təşkilatları, gənclər təşkilatları kampaniyaya qoşula bilər. 28 mall ticarət mərkəzində baş tutan “talk fusion” aksiyası da “Hər Şey Qarabağ Üçün” virtual kampaniyası çərçivəsində həyata keçirilən növbəti tədbirlərdəndir.