2 dekabr 2014 – cü il tarixdə Heydər Əliyev Mərkəzində “Qarabağın səsi” layihəsinin təqdimatı olub.
Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.
“Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunub. Kompozisiyaların müəllifi Əməkdar Artist Rain Sultanovdur.
Layihənin reallaşmasında Xalq Artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloqun da nəşr olunduğunu söyləyib. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətindəki yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.
Mərasimdə çıxış edən İan Peart Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın zəngin mədəniyyətindən söz açıb.
Daha sonra layihə haqqında film nümayiş olunub.
Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan “Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”, “Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını ifa ediblər.