26 dekabr 2017 – ci il tarixdə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan, ingilis və rus dillərində istehsal olunan “Zəngəzur“ sənədli filminin təqdimat mərasimi keçirilib.
Filmin baş məsləhətçisi AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.
"Virtual Qarabağ” İKT Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev film barədə məlumat verib. Qeyd olunub ki, bu ekran əsəri Zəngəzur mahalının Azərbaycanın qədim tarixi torpaqlarından olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barədədir.
Gənclər və idman naziri Azad Rəhimov “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən davamlı olaraq həyata keçirilən layihələri yüksək dəyərləndirib. Nazir bildirib ki, mərkəzin ictimaiyyətə təqdim etdiyi virtual elektron məhsullar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və ölkə gənclərinin məlumatlandırılması işində böyük əhəmiyyətə malik təbliğat vasitələri sırasında özünəməxsusluğu ilə seçilir. Təqdim edilən yeni məhsulların hazırlanmasına qısa müddətdə aparılmış gərgin təşkilati işin, elmi-nəzəri və tarixi araşdırmaların nəticəsində nail olunub.
Akademik Y. Mahmudov bildirib ki, filmdə Zəngəzurda olan, azərbaycanlılara məxsus yer adları və onların dəyişdirilməsindən, qədim və orta əsrlərdə burada baş verən hadisələrdən, bu ərazilərə ermənilərin köçürülməsindən, ermənilərin törətdiyi qırğınlardan, Zəngəzurun mədəni irsindən, görkəmli şəxsiyyətlərindən bəhs edilir. Bu layihələrin məqsədi gənclərimizi Qarabağla bağlı düzgün məlumatlandırmaq və erməni yalanlarına qarşı beynəlxalq miqyasda təbliğat imkanlarını artırmaqdır.
Sonra Qubadlı İcra Hakimiyyətinin başçısı Malik İsaqov, filmin ssenari müəllifi N. Mustafa ekran əsəri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin “Qubadlı – virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağ xalçaları” elektron albomunun və mərkəzin yeni portalının təqdimatı olub.
“Qubadlı” 3D qrafik təsvirli filmi Azərbaycan və ingilis dillərindədir. Bu film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsi Qubadlının tarixi abidələri, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, bir növ, tamaşaçı Qubadlı rayonuna virtual səyahətə çıxır. Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qubadlı Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
“Qarabağın xalçaları” elektron albomunda isə məşhur Qarabağ xalçaları haqqında qısa məlumat və fotoşəkillər öz əksini tapıb. Layihənin elmi məsləhətçisi akademik Nailə Vəlixanlıdır. Mətnin müəllifi və tərtibatçısı tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.
www. virtualkarabakh. az portalının yenidən gücləndirilməsi də həyata keçirilmiş fəaliyyətlərdəndir. Portal müasir dövrün tələblərinə uyğun daha funksional, müasir dizayn standartları ilə yenidən qurulub.